Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Təhsil Nazirliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Trend nazirliyin saytına istinadən bildirir ki, memorandumu təhsil naziri Mikayıl Cabbarov və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov imzalayıblar.
Memoranduma əsasən, Təhsil Nazirliyi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təhsil müəssisələrindəki humanitar fəaliyyətini dəstəkləyəcək. Qızıl Aypara Cəmiyyəti isə Təhsil Nazirliyinin müraciəti əsasında təhsilalanları müvafiq seminar, təlim, sessiya, kampaniya, yay düşərgələri və digər müvafiq tədbirlərə cəlb edəcək.
Həmçinin dövlət ali təhsil müəssisələrinin humanitar fakültələrinin tələbələri üçün Qızıl Aypara Cəmiyyətinin strukturlarında müvafiq istehsalat təcrübəsinin keçirilməsinin təşkili nəzərdə tutulur.