...

İşçinin razılığı olmadan işəgötürən onu başqa işə keçirə bilərmi?

Cəmiyyət Materials 21 Yanvar 2015 17:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İlkin İzzət/

Ümumi qayda ondan ibarətdir ki, işçinin razılığı olmadan onu başqa işə keçirməyə yol verilmir. Bunu Trend-ə Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi vəkil Dünyamin Novruzov bildirib.

Vəkilin sözlərinə görə, işçinin razılığı olmadan onu başqa işə keçirmək olmaz: "Çünki Əmək Məcəlləsinin 59-cu maddəsinə görə, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir".

D.Novruzov qeyd edib ki, bu ümumi qaydadan istisna adıçəkilən məcəllənin 60-cı maddəsində nəzərdə tutulub. Lakin 60-cı maddə işçinin razılığı olmadan işəgötürənin təşəbbüsü ilə başqa işə keçirilməsini bir sıra şərtlərdən asılı edib. Bunlar aşağıdakılardır: "Başqa işə keçirmə istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi daşımalıdır. Başqa işə keçirmə müvəqqəti xarakter daşıyır, başqa sözlə, onun davametmə müddəti 1 aydan çox ola bilməz. İşçi onun səhhətinə mənfi təsir edən, habelə aşağıixtisaslı işə keçirilməməlidir. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əməkhaqqından aşağı olmamaqla ödənilməlidir".

Beləliklə, işçinin razılığı olmadan başqa işə keçirmə yalnız Azərbaycan Respublikası Əmək Məcəlləsinin 60-cı maddəsinin müəyyənləşdirdiyi şərtlər çərçivəsində mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti