...

Təhsil Nazirliyi: Müəllimlər ixtisar edilməyəcək

Cəmiyyət Materials 26 Yanvar 2015 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Prezidentinin müəllimlərin əməkhaqlarının artırılması barədə vediyi sərəncam əsasında müəllimlərin həftəlik dərs yükü normasının artırılması Bakıda müəllimlərin ixtisarına səbəb olmayacaq. Trend-in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.

Onun sözlərinə görə, son sərəncamla müəllimlərin aylıq əməkhaqlarının 30-40 manat artırıldığını demək olmaz. Bu mexanizm Nazirlər Kabineti tərəfindən müəyyən edilərək təsdiqlənəcək: "Artımla bağlı konkret rəqəm söyləmək mümkün deyil. Məktəblərdə dərs yükü norması 18 saatdır və ona uyğun olaraq əməkhaqqı hesablanacaq. Yanvarın 1-dən etibarən müəllimlər yeni əməkhaqqı alacaqlar və Yəqin ki, fevral ayında müəllimlər əlavələrlə artım olan əməkhaqqı alacaqlar".

İ.Nağıyev deyib ki, indiki halda müəllimlərin əməkhaqqı onların təhsili və iş staji ilə ölçülür. Onun sözlərinə görə, gələcəkdə isə nəticəyönümlü, rəqabətəsaslı differensial əməkhaqqı sisteminin yaradılması nəzərdə tutulur. Buna əsasən, artıq müəllimlərin əməkhaqqına onların təhsili və bilik səviyyəsi deyil, müəyyən nəticələri də təsir edəcək. Nazirlik rəsmisi hazırda bu istiqamətdə işlərin aparıldığını əlavə edib.

TN-in sektor müdiri Cəsarət Valehov isə bildirib ki, 1992-ci ilə kimi Azərbaycanda müəllimin həftəlik dərs yükü 18 saat müəyyənləşdirilmişdi. 1992-ci ildən sonra dərs yükünün normasının yenidən 12 saata endirilməsi nəticəsində müəllimlərin sayı 20 min nəfərədək artdı.

Nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Әhmədov isə deyib ki, dövlət başçısının son sərəncamı müəllim-şagird nisbətinin dünya standartlarına uyğunlaşdırılması baxımından əhəmiyyətlidir.

A.Әhmədov əlavə edib ki, ölkə Prezidentinin müəllimlərin həftəlik dərs yükü normasının artırılması barədə verdiyi son sərəncamın icrasından sonra Bakı şəhərində həftəlik dərs yükü 6 saatdan az olan müəllim olmayacaq. Halbuki təhlillərə görə, hazırda paytaxtda həftəlik dərs yükü 6 saatdan da az olan müəllimlər işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti