...

Sabahdan Azərbaycanın ali məktəblərinə sənəd qəbulu başlayır

Cəmiyyət Materials 31 Mart 2015 15:35 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sabahdan ali təhsil müəssisələrinə (I, II, III və IV ixtisas qrupları üzrə) tələbə qəbulu üçün sənədlərin qəbuluna başlayır.
Sabahdan Azərbaycanın ali məktəblərinə sənəd qəbulu başlayır

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sabahdan ali təhsil müəssisələrinə (I, II, III və IV ixtisas qrupları üzrə) tələbə qəbulu üçün sənədlərin qəbuluna başlayır.

Komissiyadan Trend-ə verilən məlumata görə, ərizələrinin qəbulu aprelin 1-dən aprelin 30-dək aparılır. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizebak/qrup1_4,) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldururlar. Virtual ödəmə kartını bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə və ya internet ödəmə xidmətləri vasitəsi ilə əldə etmək olar.

"Abituriyentin elektron ərizəsi" formasını doldurulduqdan sonra ərizələrinin təsdiqi təmin edilməlidir.

V ixtisas qrupu üzrə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu may ayının 5-dən 18-dək aparılacaq. I, II, III və IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verən abituriyentlər həm də V ixtisas qrupuna və ya tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə təqdim edə bilər.

I ixtisas qrupunun xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər elektron ərizələrinin təsdiqini təmin etdikdən sonra aprelin 15-dən 30-dək TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyalarına (QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim etməklə seçmə turda iştirak edirlər. QİK-də abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınırlar. Qeydiyyata alınmış abituriyentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanlarında iştirak edirlər. Qəbul imtahanlarında topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə qabiliyyət imtahanlarında iştirak edirlər.

"Jurnalistika" ixtisasına qəbul olmaq istəyən III qrupun abituriyentləri elektron ərizələrinin təsdiqini təmin etdikdən sonra eservices.tqdk.gov.az/erizebak internet səhifəsində "Jurnalistika" ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq qeydiyyatdan keçirlər. Qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini ödədikləri halda, təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı "Jurnalistika" ixtisasını da seçə bilərlər.

Ərizə qəbulunun tam mətni, Elektron ərizə verən abituriyent üçün təlimat, "Elektron ərizə"nin doldurulma qaydası və nümunəsi, xüsusi təyinatlı ali təhsil müəssisələrinə ərizə qəbulu, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul və digər zəruri məlumatlar "Abituriyent" jurnalının 2-ci sayında təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti