...

İstehlakçı, hüquqlarını öyrən və tələb et!

Cəmiyyət Materials 21 Aprel 2015 16:13 (UTC +04:00)
Reklam ideya və yeniliklər haqqında maraq formalaşdırmaq, əmtəənin satılmasına həmin yeniliklərin həyata keçirilməsinə kömək göstərmək məqsədilə yayılan informasiyadır və bizim hər birimiz həm də reklam istehlakçısıyıq. Bu cür informasiya isə həqiqətə uyğun olmalı, reallığı əks etdirməlidir.
İstehlakçı, hüquqlarını öyrən və tələb et!

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Reklam ideya və yeniliklər haqqında maraq formalaşdırmaq, əmtəənin satılmasına həmin yeniliklərin həyata keçirilməsinə kömək göstərmək məqsədilə yayılan informasiyadır və bizim hər birimiz həm də reklam istehlakçısıyıq. Bu cür informasiya isə həqiqətə uyğun olmalı, reallığı əks etdirməlidir. Trend-in məlumatına görə, bu barədə mətbuata açıqlamasında "Sosial-İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyinin sədri Rahilə Mehdiyeva deyib.

O bildirib ki, qanunvericiliyə görə, istehlakçını çaşdıra bilən, onun seçim sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması yolverilməzdir: "Təəssüf ki, bəzi təsərrüfat subyektləri tərəfindən istehlakçılara yanlış məlumatların verilməsi, istehlakçıların seçim sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə edilməsinə rast gəlirik. Belə ki, bəzən ticarət obyektlərinin qarşısına endirim faizləri (reklam) yazılmış lövhələr olmasına baxmayaraq, həmin mağazalarda satılan mallara ya ümumiyyətlə endirim tətbiq edilmir, ya da satılan malların bir qisminə şamil edilir. Bütün bunlar isə, doğru olmayan məlumatlar verilməklə istehlakçının çaşdırılmasıdır.
Mövcud qanunvericiliyə görə isə, ticarət obyekti müştəriyə onu maraqlandıran mal haqqında dolğun və dürüst məlumat verməyə borcludur. Bu məlumatlar istehlakçının etibarlı seçim etməsinə kifayət edəcək qədər hərtərəfli olmalıdır".

R.Mehdiyeva bildirib ki, reklam fəaliyyətinin subyektləri qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət daşıyırlar: "Ancaq hər bir istehlakçının bu məsələlərdə diqqətli olması, hüquqlarını bilməsi və tələb etməsi optimal çıxış yolu ola bilər. Ticarət və ya xidmət obyektində müvafiq məlumat və sənədlərlə tanış olmaq istehlakçıların qanunla təsbit olunmuş hüququdur. Elə isə, hüquqlarını bilin və qorunmasını tələb edin!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti