...

AMEA prezidenti: Azərbaycan alimlərinin dövlətimizin inkişafında yaxından iştirak etməsinə nail olunmalıdır

Cəmiyyət Materials 29 Aprel 2015 11:46 (UTC +04:00)
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının tələblərinə uyğun olaraq Azərbaycan elminin üzərinə düşən vəzifələrin icrasını davam etdirməli, biliklər iqtisadiyyatına və yüksək texnologiyalara əsaslanan elmi potensialı daha da gücləndirməli, Azərbaycan alimlərinin dövlətimizin inkişafında yaxından iştirak etməsinə nail olunmalıdır.
AMEA prezidenti: Azərbaycan alimlərinin dövlətimizin inkişafında yaxından iştirak etməsinə nail olunmalıdır

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının tələblərinə uyğun olaraq Azərbaycan elminin üzərinə düşən vəzifələrin icrasını davam etdirməli, biliklər iqtisadiyyatına və yüksək texnologiyalara əsaslanan elmi potensialı daha da gücləndirməli, Azərbaycan alimlərinin dövlətimizin inkişafında yaxından iştirak etməsinə nail olunmalıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

Hesabat ilinin Azərbaycanın beynəlxalq aləmdə imicinin artması baxımından müsbət dəyərləndirildiyini deyən AMEA rəhbəri 2014-cü ildə Akademiyada aparılan tədqiqatlar nəticəsində Azərbaycan alimlərinin əldə etdikləri bir sıra mühüm elmi nailiyyətləri yüksək qiymətləndirib. O qeyd edib ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanın iqtisadi inkişafı davam edir. Ölkəmizin belə sürətli inkişafı, xüsusən biliklər cəmiyyətinin qurulması zərurəti Azərbaycan elmi qarşısında tamamilə yeni vəzifələr qoyur.

Keçən il aprel ayında Akademiyanın Ümumi yığıncağında proqram xarakterli qərar qəbul edildiyini qeyd edən A.Əlizadə həmin vaxt qarşıya qoyulan məqsədlər istiqamətində bir sıra işlər görüldüyünü deyib. O bildirib ki, AMEA-nın strukturunun, idarəetmə və təşkilati sisteminin əsaslı olaraq təkmilləşdirilməsi, elmi müəssisələrin fəaliyyətinin məqsədyönlü koordinasiyası, maliyyələşmənin yeni əsaslar üzərində təşkili, beynəlxalq elmi əlaqələrin inkişafı, yüksək ixtisaslı kadr hazırlığının təkmilləşdirilməsi, elmin təbliği, populyarlaşdırılması və digər istiqamətlər üzrə qarşıya qoyulan məqsədlərdə uğurlu nəticələr əldə olunub. A.Əlizadə qeyd edib ki, Akademiyanın strukturunun müasir dünya elminin inkişaf tendensiyalarına və ölkəmizin maraqlarına uyğun yenidən qurulması ötən il həyata keçirilən islahatların mühüm bir hissəsini təşkil edib.

Bu il Akademiyanın 70 illik yubileyinin təntənə ilə qeyd olunucağını deyən A.Әlizadə Akademiya üzvlüyünə seçkilərin keçirilməsini hesabat ilinin mühüm hadisəsi kimi dəyərləndirib. A.Əlizadə bu seçkiləri yalnız Akademiyanın deyil, ölkənin elmi və ictimai həyatı üçün əlamətdar hadisə olduğunu bildirib. O, AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərin uğurla həyata keçirildiyini, vakant yerlərə 26 həqiqi və 50 müxbir üzvün seçildiyini əlavə edib.

Qeyd edək ki, illik yığıncaqda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də iştirak edir.

Tədbir iştirakçıları tədbirdən əvvəl AMEA-nın ötən ilki fəaliyyətinə həsr edilən sərgi ilə də tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti