Azərbaycan, Bakı, 14 may /Trend, müxbir İlkin İzzət/
Azərbaycanda qanunvericiliyin tələblərini pozduqlarına görə 1 məhkəmə sədrinə, 2 hakimə töhmət verilib, 2 hakimə irad tutulub, 1 hakim barədə isə intizam icraatı başlanılıb.
Məhkəmə-Hüquq Şurasından (MHŞ) Trend-ə bildiriblər ki, MHŞ-nin yenilənmiş tərkibdə ilk iclası keçirilib. İclasda bir sıra təşkilati məsələlərə baxılıb, yeni Şura üzvü təyin edilən şəxslərə xidməti vəsiqələr təqdim olunub.
Çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş hərtərəfli islahatların Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini, dövlətimizin sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurların, həyata keçirilən möhtəşəm layihələrin yüksək qürur hissi yaratdığını bildirmiş, ölkə başçısının məhkəmə sisteminin müasirləşdirilməsinə dair tapşırıqlarının icrası üzrə əldə edilmiş nailiyyətləri vurğulayıb, o cümlədən MHŞ-nın fəaliyyət göstərdiyi 10 il ərzində məhkəmə sisteminin təkmilləşdirilməsi, hakimlərin şəffaf seçiminin və tədrisinin təşkili, onların fəaliyyətinin prinsipial qiymətləndirilməsi, qanun pozuntusu, süründürməçilik və digər neqativ halların aradan qaldırılması üzrə ardıcıl tədbirlərə toxunub.
MHŞ-nın müasir informasiya və kommunikasiya vasitələri ilə təchiz edilmiş yeni konfrans zalında keçirilən tədbirdə Şuranın 10 illiyinin qeyd edilməsi ilə bağlı müxtəlif məsələlərə baxılmış, ədalət mühakiməsinin tarixinə və ümummilli lider Heydər Əliyevin müasir məhkəmə sisteminin yaradılmasında roluna həsr olunmuş Muzeyin təsis olunması xüsusi vurğulanıb, habelə yerli məhkəmələrlə video konfrans üsulu ilə canlı əlaqə qurularaq onlar müzakirələrə cəlb olunublar.
Həmçinin, iclasda Hakimlərin Seçki Komitəsi üzvlərinin səlahiyyət müddətlərinin bitməsi ilə əlaqədar Komitənin formalaşdırılması üçün yuxarı məhkəmələr, prokurorluq və vəkillər kollegiyası tərəfindən irəli sürülən və digər namizədlər müzakirə olunaraq onların sırasından Komitə üzvləri seçiliblər.
İclasda hakimlər barədə intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərini pozduqlarına görə Bakı şəhəri Nizami rayon məhkəməsinin sədri Məhəmməd Əkbərova, həmin məhkəmənin hakimi Ramil Həsənova, Gəncə Ağır cinayət məhkəməsinin hakimi Mübariz Məmmədova töhmət verilib, 1 saylı Bakı İnzibati-iqtisadi məhkəməsinin hakimi İntizar Bayramovaya və Bakı şəhəri Nizami rayon məhkəməsinin hakimi Elnur Nuriyevə irad tutulub, habelə bir hakim barədə intizam icraatı başlanılıb.