...

Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinə qoyulan limitin yarıdan çoxu dolub

Cəmiyyət Materials 2 İyun 2015 16:12 (UTC +04:00)
Hələlik Həcc ziyarətinə getmək üçün QMİ-yə təxminən 1800 nəfər sənədlərini təqdim edib.
Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinə qoyulan limitin yarıdan çoxu dolub

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İlkin İzzət/

Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinə qoyulan limitin yarısından çoxu dolub.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend-ə bildiriblər ki, bu il Azərbaycana Həcc ziyarəti üçün ötənilkindən daha az, ümumilikdə 2600 nəfərlik yer ayrılıb.

Hələlik Həcc ziyarətinə getmək üçün QMİ-yə təxminən 1800 nəfər sənədlərini təqdim edib. Onlardan 400 nəfəri 5750 dollarlıq, 1400 nəfəri isə 4700 dollarlıq səfər xidməti üçün sənəd verib.

Bildirilib ki, bu il Həcc ziyarətinə təyyarə ilə səfərlər 11-15 sentyabr tarixlərində həyata keçiriləcək. Müqəddəs Qurban bayramının isə sentyabrın 24-nə təsadüf edəcəyi gözlənilir. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar bu il avtobuslarla ziyarət marşrutu olmayacaq, səfər yalnız təyyarə reysləri ilə baş tutacaq.

Ona görə də, Həcc ziyarəti zamanı yaxınlaşdıqca, xüsusən də müqəddəs Ramazan ayından sonra sənəd verənlərin sayının sürətlə artacağı gözlənilir.

Qeyd edilib ki, sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Zəvvar olmaq istəyənlərə iki formada ziyarət təklif olunur. Daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə variantının xərci 5750 ABŞ dolları, az şəraitli, 5-6 nəfərlik otaqlı hotellərdə qalmaq variantı isə 4700 dollardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti