...

Xədicə İsmayılovanın məhkəmə prosesi davam etdirilib

Cəmiyyət Materials 11 Avqust 2015 17:54 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.
Xədicə İsmayılovanın məhkəmə prosesi davam etdirilib

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, prosesdə şahid ifadələri dinlənilib.

İlk olaraq prosesdə şahid qismində Tural Mustafayevin keçmiş qaynanası Fərqanə Rəsulova ifadə verib.

F.Rəsulova bildirib ki, T.Mustafayev Göyçayda yaşayarkən onun ailəsi ilə münasibətləri yaxşı olub, psixi xəstəliyi olmayıb. O, ifadəsində qeyd edib ki, Turalın intihara cəhdlərinin şahidi olmayıb. Şahidin sözlərinə görə, lakin Bakıya gəldikdən sonra Turalın ailəsinə qarşı münasibətlərində soyuqluq yaranıb və bir müddətdən sonra o ailəsindən ayrılıb.

F.Rəsulovanın sözlərinə görə, qızı həmin vaxt bildirib ki, Turalın həyatında başqa bir qadın olduğuna görə, onda ailəsinə qarşı soyuqluq yaranıb.

Sonra hakim prosesdə F.Rəsulovanın istintaqa ilkin ifadəsini elan edib. F.Rəsulova ifadəsində bildirib ki, T.Mustafayev "Azadlıq" radiosunda çalışdığı zaman radioda X.İsmayılova adlı xanım geniş imkanları olduğu üçün Turala işlərində köməklik göstərib. O bildirib ki, T.Mustafayevin Rövşanə adlı xanımla nişanlanmasından sonra X.İsmayılova ona təzyiqlər göstərməyə başlayıb.

F. Rəsulova məhkəmədə ifadəsini qismən təsdiq etdiyini deyib.

Sonra Zemfira Əliyeva, Fərəh Əliyeva, Esmira Cavadova və Cavid Abdullayev şahid qismində ifadə veriblər. Şahidlərin dövlət ittihamçısı və vəkillərin suallarını cavablandırmalarından sonra proses yekunlaşdırılıb.

Məhkəmə prosesi sabah avqustun 12-də saat 3-də davam etdiriləcək.

Qeyd edək ki, X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittihamla həbs edilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti