...

Xədicə İsmayılovaya hökm oxundu: 7 il 6 ay

Cəmiyyət Materials 1 Sentyabr 2015 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Trend-in məhkəmədəki müxbiri məlumat verir ki, iclasda X.İsmayılovaya hökm oxunub.

Hakim R.Allahverdiyeva X.İsmayılovaya qarşı irəli sürülən ittihamların ilkin istintaq və məhkəmə prosesi zamanı tam sübuta yetirildiyini bildirib. Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittihamlar isə tam sübuta yetirilmədiyi üçün ona bəraət verilib. Hakim X.İsmayılovanın cinayətlərini toplamaq yolu ilə ona 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası verildiyini elan edib.

X.İsmayılova, həmçinin azadlıqdan məhrumetmə cəzası bitdikdən sonra 3 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və məsul vəzifə tutma hüququndan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, X.İsmayılovaya qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittihamlar irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti