...

Azərbaycanda hansı sahələr üzrə əcnəbi işçi qüvvəsinə tələbat var?

Cəmiyyət Materials 25 Noyabr 2015 15:09 (UTC +04:00)
Azərbaycanda əmək bazarında əsasən mədənçıxarma, tikinti və emal sənayesində, yeni müasir tibbi avadanlıqlara xidmət və rabitə texnologiyaları sahələrində yüksəkixtisaslı əcnəbi işçi qüvvəsinə tələbat var.
Azərbaycanda hansı sahələr üzrə əcnəbi işçi qüvvəsinə tələbat var?

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda əmək bazarında əsasən mədənçıxarma, tikinti və emal sənayesində, yeni müasir tibbi avadanlıqlara xidmət və rabitə texnologiyaları sahələrində yüksəkixtisaslı əcnəbi işçi qüvvəsinə tələbat var. Bunu Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, bu tələbat əcnəbi işçi qüvvəsi üçün əmək kvotasının müəyyən olunması zamanı diqqətdə saxlanılır. Həmin tələbat kvota əsasında ölkəyə gələn və rəsmi iş icazəsi alan əcnəbi işçi qüvvəsi hesabına ödənilir.

Xarici işçi qüvvəsinin ölkəmizə cəlb olunmasına nəzarətin gücləndirilməsi məqsədilə hər il üzrə əcnəbi işçi qüvvəsi üçün hazırlanan kvotanın respublika hökuməti tərəfindən təsdiq edildiyini xatırladan E.Babayev bildirib ki, 2016-cı il üzrə də kvota layihəsi hazırda baxılmaqdadır: "Kvota layihəsi hazırlanarkən mövcud iş yerlərində ilk növbədə yerli işçi qüvvəsindən səmərəli istifadənin təmin olunması prinsipi, eləcə də dünyanın müxtəlif ölkələrindəki əmək bazarlarında mövcud böhranla bağlı baş verən öhdəliklər diqqətdə saxlanılır. Bu isə o deməkdir ki, kvotanın həcmi cari ildəkindən aşağı olacaq".

E.Babayev deyib ki, mövcud işçi qüvvəsinin əmək bazarında iştirakının təmin olunması üçün ƏƏSMN tərəfindən məqsədyönlü işlər aparılır.

O, qeyd edib ki, ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti vasitəsilə təkcə 2015-ci ilin 9 ayında 22,5 minə yaxın vətəndaş münasib işlə təmin olunub, 2,8 minə yaxın insan əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti