Bakı. Samir Məmmədov - Trend:
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti həbsdə olan jurnalist Xədicə İsmayılovanın vəkili ilə görüşünə icazə verib. Bu barədə Trend-ə jurnalistin vəkili Fəxrəddin Mehdiyev məlumat verib.
Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə görüşlə bağlı etdiyi müraciətə müsbət cavab verilib: "Penitensiar Xidmətə görüş barədə rəsmi müraciət etmişdim. Xidmətdən müraciətə müsbət cavab verilib və yaxın günlərdə Xədicə İsmayılova ilə görüşəcəyəm".
Vəkil bildirib ki, X.İsmayılovanın saxlanma şəraitindən narazılığı və səhhəti ilə bağlı problemləri yoxdur. Vəkilin sözlərinə görə, görüş zamanı müvəkkili ilə Ali Məhkəməyə hazırladığı kasasiya şikayətinin detallarını müzakirə edəcək: "Jurnalistə bəraət istənilən şikayət müzakirədən sonra Ali Məhkəməyə təqdim ediləcək".
Xatırladaq ki, X.İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7,5 il müddətində azadlıqdan məhrum edilib.
Jurnalist Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilib.
Hökmdən narazı qalan X.İsmayılova apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlayıb.