Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəhbərliyi və məsul şəxsləri tərəfindən ötən il 26145 vətəndaş fərdi qaydada qəbul edilib.
ƏƏSMN-də vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsi, onların müraciətlərinin operativ və obyektiv cavablandırılması diqqətdə saxlanılır. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu istiqamətdə tədbirlərin davamı olaraq, ötən il nazirliyin rəhbər şəxsləri və məsul əməkdaşları tərəfindən 26145 nəfər vətəndaş fərdi qaydada qəbul edilərək müraciətlərinə baxılıb. Həmin şəxslərdən 25633 nəfərini nazirliyin "Qəbul otağı"na müraciət edənlər təşkil edib.
Vətəndaşlardan 664 nəfəri əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən nazirlikdə (152 nəfər) və mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəllərinə uyğun olaraq bölgələrdə keçirilən qəbullar zamanı (512 nəfər) fərdi qaydada qəbul edilib. Digər vətəndaşların müraciətlərinə isə nazir müavinləri, aparat rəhbəri və nazirliyin məsul əməkdaşları tərəfindən baxılıb.
Müraciətlərdə əksini tapan məsələlərin həlli ilə bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə əlaqədar vətəndaşlara dolğun hüquqi izahatlar verilib. Hesabat dövründə nazirliyin "Qəbul otağı" yenidən qurularaq, burada vətəndaşların rahat şəkildə müraciət edərək qəbul olunmaları və müraciətlərinə baxılması üçün müasir tələblərə uyğun şərait yaradılıb.