Bakı. Samir Əli - Trend:
Bu il yanvarın 8-də "Bakı Taxıl Terminalı" MMC-də baş texnoloq işləmiş Qalib Bağırovun Bakının Hövsan qəsəbəsindəki bağ evində qətlə yetirilməsinin təfərrüatları məlum olub.
Q.Bağırovun atası Afil Bağırov Trend-ə açıqlamasında hadisənin qarət, tamahkarlıq məqsədilə törədildiyini bildirib. O deyib ki, Q.Bağırovu qətlə yetirənlərdən biri iki dəfə məhkumluq həyatı yaşayıb. Qətlə səbəblərdən biri də qatillərdən birinin borcunun olmasıdır: "Qatillərdən biri kreditlə avtomobil alıb və onu ödəyə bilməyib. Həmin şəxs Qalibin evində təmizlik işlərinə baxan Mahnurə Hüseynova ilə tanış olub və ondan kömək istəyib. Bildiriblər ki, Qalibin evindəki pulları oğurlayıb böləcək və qadına da bu puldan verəcəklər".
A.Bağırovun sözlərinə görə, M.Hüseynova Q.Bağırovun evində təmizlik işlərinə baxdığını və mərhumun imkanlı olduğunu deyib və onun qətlə yetirilməsi planını hazırlayıblar.
Yanvarın 8-də gecə saat 4-də evin yaxınlığına gələn Ehtiram Həsənov və Mübariz Əliyev Q.Bağırovun həyətinə daxil olub və evin qapısının açılmasını gözləyiblər. Səhər saat 6 radələrində isə xidmətçi M.Hüseynova evi təmizləmək bəhanəsi ilə Q.Bağırovun evinə gəlib və evin qapısını açıq qoyaraq qatillərin evə daxil olmasına şərait yaradıb. Səhər saatlarında evə daxil olan qatillər Q.Bağırovu tutaraq ondan pul tələb ediblər. Q.Bağırov isə evdə pul saxlamadığını bildirib. Q.Bağırova inanmayan qatillər ona işgəncə verməklə evdə axtarış ediblər. Amma axtarışlar nəticəsiz qalıb və evdən pul tapılmayıb.
Əvvəlcə Q.Bağırovu öldürmək istəməyən E.Həsənov və M.Əliyev baş texnoloqu sağ buraxaraq hadisə yerindən qaçmaq istəyiblər. Lakin sonradan Q.Bağırov sağ qalarsa onları tutduracağından ehtiyatlanaraq Q.Bağırovu bıçaqlayıblar. Q.Bağırova 8 bıçaq zərbəsi vuran qatillər sonradan onun öldüyünə tam əmin olmaq üçün iplə boğublar. Daha sonra E.Həsənov Q.Bağırovun təzə paltarlarını geyinib, mərhumun mobil telefonunu, qiymətli əşyalarını da götürərək həyətə düşüb. E.Hüseynov və M.Əliyev evdə pul tapmadığından Q.Bağırovun həyətdəki avtomobilini axtarmaq qərarına gəliblər. Lakin avtomobili aça bilmədikləri üçün onlar maşının şüşələrini və digər hissələrini qırıb hadisə yerindən qaçıblar.
Məlumata görə, E.Hüseynov və M.Əliyev hadisə zamanı evdən 300 manat, noutbuk və planşet aparsa da, pul və həmin əşyalardan M.Hüseynovaya verməyiblər.
Aparılan istintaq tədbirləri nəticəsində ilk olaraq M.Hüseynova saxlanıldıqdan sonra hadisəni törədən digər şəxslər müəyyənləşdirilib. Təqsirləndirilən şəxslərdən M.Əliyev Bakının "Montin" adlanan ərazisində, E.Hüseynov isə ölkəni tərk etmək istəyərkən Azərbaycanın sərhəd rayonlarından birində saxlanılaraq istintaqa təhvil verilib.
Xatırladaq ki, hadisə yanvarın 8-də paytaxtın Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırov yaşadığı bağ evində xüsusi amansızlıqla qətlə yetirilib. "Bakı Taxıl Terminalı" MMC-də baş texnoloq işləmiş Q.Bağırov 8 bıçaq zərbəsi vurulandan sonra boğmaq yolu ilə qətlə yetirilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.