...

Səhiyyə Nazirliyi: 100-dək uşaq ürək əməliyyatı üçün növbə gözləyir

Cəmiyyət Materials 27 Yanvar 2016 16:49 (UTC +04:00)
M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Uşaq Cərrahiyyə Mərkəzində 2011-ci ildən indiyədək mindən artıq uşaq ürək əməliyyatı edilib.
Səhiyyə Nazirliyi: 100-dək uşaq ürək əməliyyatı üçün növbə gözləyir

Bakı. İlhamə İsabalayeva - Trend:

M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Uşaq Cərrahiyyə Mərkəzində 2011-ci ildən indiyədək mindən artıq uşaq ürək əməliyyatı edilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu əməliyyatların 100-ü qapalı, qalanları isə açıq ürək əməliyyatları olub. Mərkəzdə uşaqların kardiocərrahiyyə əməliyyatları müvafiq növbə əsasında həyata keçirilir. Aparılan əməliyyatlar beynəlxalq norma və standartlar səviyyəsindədir. Bütün əməliyyatların təchizatı tamamilə dövlət hesabına, ödənişsiz həyata keçirilir.

Mərkəzdə həyata keçirilən uşaq ürək əməliyyatlarının sayı artır. Əgər fəaliyyətə başladığı ildə burada 72 uşaq əməliyyat olunmuşdusa, 2015-ci ildə bu göstərici 300-ü aşıb.

Həyata keçirilən tədbirlər nəticəsində ürək əməliyyatı gözləyən uşaqların sayı azalıb. Əgər 2011-2012-ci illərdə Azərbaycanda 700-800 uşaq kardiocərrahiyyə əməliyyatı üçün növbə gözləyirdisə, indi bu göstərici 100-ə qədər enib.

Məlumatda bildirilir ki, bütün dünya ölkələrində uşaqların anadangəlmə ürək qüsurlarına rast gəlinir. Dünyada doğulan hər min uşağın orta hesabla 8-12-də bu və ya digər ürək qüsuruna təsadüf edilir. Qüsurun yaranmasının əsas səbəbləri ananın keçirdiyi infeksion xəstəliklər, ətraf mühitin çirklənməsi və s. amillərdir. Bu və ya digər amillərin təsiri nəticəsində ana bətnində uşağın ürəyinin pərdələri arasında defekt, qapaqların və ya damarların qüsuru formalaşır. Bəzən ürəyin bir deyil, bir neçə qüsuru yaranır. Keçən əsrin 20-ci illərindən başlayaraq ürək qüsurunun aradan qaldırılması üzrə əməliyyatların aparılması uşaqların həyat fəaliyyətinin normallaşdırılmasına şərait yaradıb.

Qeyd edək ki, Elmi-Cərrahiyyə Mərkəzinin Uşaq Cərrahiyyə Mərkəzi 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncam və Səhiyyə Nazirliyinin müvafiq əmri əsasında yaradılıb. 2011-ci ildən Elmi-Cərrahiyyə Mərkəzinin Uşaq Cərrahiyyə Mərkəzində ürək əməliyyatlarının keçirilməsinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti