Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda avtovağzal və avtostansiyalara pasportların verilməsinə görə rüsum ödəniləcək.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Yeni layihəyə əsasən, avtovağzala pasportun verilməsi üçün 600, avtostansiyaya pasportun verilməsi üçün 400 manat rüsum ödəniləcək.
Qeyd edək ki, gün ərzində eyni vaxtda müvafiq xidmətlər göstərilə bilən sərnişinlərin sayından, binaların, tikililərin, texnoloji avadanlıqla təchizatından, həmçinin göstərilən xidmətlərin çeşidindən və səviyyəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir avtovağzala (avtostansiyaya) kateqoriyasına uyğun olaraq pasport verilir. Pasport avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün rəsmi sənəd hesab edilir. Pasport olmadan avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsinə, habelə avtovağzalın (avtostansiyanın) fəaliyyətinin müvafiq kateqoriyaya uyğun texnoloji prosesinin pozulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Pasportun verilməsinə görə dövlət rüsumu ödənilir.
Məsələ müzakirədən sonra qəbul edilib.