...

VEMTAS Azərbaycanın uğurlu iş təcrübəsinə çevriləcək

Cəmiyyət Materials 4 Mart 2016 17:56 (UTC +04:00)
Ünvanlı dövlət sosial yardımı üzrə elektron müraciət və təyinat sistemi özünü doğruldaraq Azərbaycanın uğurlu iş təcrübəsinə çevriləcək.
VEMTAS Azərbaycanın uğurlu iş təcrübəsinə çevriləcək

Bakı. Trend:

"Cari ilin fevral ayının ortalarından tətbiqinə başlanılan ünvanlı dövlət sosial yardımı üzrə elektron müraciət və təyinat sistemi dövlət sosial yardım sistemində şəffaflığın təminatı üçün vacib olan əsasların formalaşmasına şərait yaradır. Hazırda vətəndaşlar tərəfindən "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" e-xidməti vasitəsilə edilən e-müraciətlərə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) tərəfindən elektron qaydada baxılaraq qərar qəbulu prosesi normal qaydada davam etdirilir və əminik ki, bu yeni sistem gözlənilən tərzdə özünü doğruldaraq ölkəmizin uğurlu bir iş təcrübəsinə çevriləcək".

Bunu Trend-ə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.

Şöbə müdiri vurğulayıb ki, yeni sistemdə ünvanlı sosial yardımın təyin olunması barədə qərar qəbul edilməsi prosesinə məmur müdaxiləsi aradan qaldırılıb. Digər tərəfdən, əvvəllər kağız üzərində rəsmi müraciət edilməsi üçün vətəndaşlar ayrı-ayrı qurumlara müraciət edərək müxtəlif arayış və sənədlər toplamalı olurdularsa, artıq bu praktikaya son qoyulub: "Vətəndaş bilməlidir ki, artıq onun ailəsinə yardım təyin olunması üçün hansısa məmura müraciət etməyə ehtiyac yoxdur. Hazırda vətəndaşlar ünvanlı dövlət sosial yardımının alınması üçün elektron qaydada müraciət etməyə maraq göstərirlər və qısa müddət ərzində bu xidmətdən yararlananların sayı kifayət qədərdir".

E.Babayev bildirib ki, bu sistemin yeni olmasına görə bir qisim vətəndaşların ondan istifadə edə bilmələrində müəyyən çətinliklər ola bilər: "Hamının elektron qaydada müraciət etmək üçün müvafiq avadanlıqlarının, həm də internetə çıxışının olmaması ehtimalı nəzərə alınıb. İlkin mərhələdə bütün poçt şöbələri də bu məsələ ilə bağlı Nazirliyə elektron müraciətin göndərilməsində zəruri hallarda vətəndaşlara kömək edirlər. Yəni insanlar rahat şəkildə gəlib poçt şöbələrində onlar üçün ayrılmış kompüter avadanlıqlarından və poçt işçilərinin texniki köməyindən istifadə edərək elektron müraciətlərini edirlər və bu sahədə heç bir problem özünü göstərmir".

Hər bir elektron müraciətə VEMTAS-da baxılaraq 15 iş günü müddətində cavablandırılacağını qeyd edən E.Babayev əlavə edib ki, bu avtomatlaşdırılmış sistem elektron hökumət portalı üzərində çox geniş şəbəkəni əhatə edir: "Yəni burada müraciət edən ailələrə aid lazımi məlumatları elektron qaydada əldə etmək üçün 20-dən çox qurumun informasiya resurslarına avtomatik inteqrasiya həyata keçirilir. Vətəndaşlar elektron şəkildə müraciət zamanı "Ərizə-bəyannamə"ni doldurarkən səhv, yanlış məlumatlar daxil etdikdə, bu dərhal üzə çıxır. Çünki onların təqdim etdikləri məlumatlarla aidiyyəti qurumlarda onlar barədə olan rəsmi məlumatlar əldə edilərək yoxlanılır, uyğunsuzluq aşkar edilərsə, yardımın təyin olunmasından sistem tərəfindən imtina qərarı qəbul olunur. Belə qərar verildiyi təqdirdə vətəndaşa bu barədə göndərilən elektron məlumatda da imtinanın səbəbləri göstəriləcək. Sistem tərəfindən vətəndaşa yardımın təyin olununması ilə bağlı qərar qəbul olunursa, bu barədə ailəni təmsil edən şəxsə göndərilən məlumatda yardımın məbləği, plastik kartı hansı bankdan ala biləcəyi göstəriləcək. Yardım təyin olunub-olunmaması barədə məlumat vətəndaşın "Ərizə-bəyannamə"də qeyd etdiyi əlaqə vasitələrinin birinə göndəriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti