...

Allahşükür Paşazadə: Ekstremizmə və radikallığa yalnız birgə səylərlə qalib gəlinəcək

Cəmiyyət Materials 15 Mart 2016 12:42 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin Şimali Qafqaz səfəri davam edir.
Allahşükür Paşazadə: Ekstremizmə və radikallığa yalnız birgə səylərlə qalib gəlinəcək

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin Şimali Qafqaz səfəri davam edir.

QMİ-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şeyxülislam Allahşükür Paşazadə Şimali Qafqazda səfərdədir.

Martın 14-də Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının paytaxtı Nalçik şəhərinin "Forum" Dövlət konsert zalında Kabardin-Balkar Müsəlmanlarının VII Qurultayı keçirilib.

Qurultayda Kabardin-Balkar Respublikası Müsəlmanlarının Ruhani İdarəsinin sədri, müfti, və qazı vəzifələrinə seçkilər keçirilib.

Nümayəndələr təftiş komissiyasının yeni üzvlərini də seçiblər. İmam Əbu Hənifə adına Şimali Qafqaz İslam Universitetinin rektoru Şarabuddin Çoçayevin rəhbərliyi ilə keçirilən tədbirdə respublikanın müxtəlif şəhər və rayonlarından seçilən nümayəndələr və Şimali Qafqaz regionlarından dəvət olunan qonaqlar iştirak ediblər.

Qurultayın işində Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinin tərkibinə QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev, fəxri qonaq qismində isə İranın Ali Dini rəhbərinin Azərbaycandakı nümayəndəsi höccətül-İslam Seyid Əli Əkbər Ocaq Nejat da vardı.

Kabardin-Balkar Respublikasının Başçısı Administrasiyasının rəhbəri Muhammed Kodzokov respublika başçısı Yuri Kokovun qurultay iştirakçılarına müraciətini oxuyub. Öz müraciətdə o, qonaqları və nümayəndələri səmimiyyətlə salamlayaraq qurultayın işinə uğurlar arzulayıb.

Kabardin-Balkar Müftisi Həzrətəli Dzasejev hesabat məruzəsi ilə çıxış etdikdən sonra müzakirələr başlayıb. Şeyxülislam Allahşükür Paşazadə qurultayda çıxış edib.

QMİ sədri çıxışında Kabardin-Balkar xalqına və onun rəhbərliyinə Azərbaycan dövlətinin başçısı İlham Əliyevin salamlarını çatdırıb.

Rusiya dövlət rəhbərliyi tərəfindən ənənəvi İslama verilən dəstəkdən, daimi qayğıdan və Rusiya vətəndaşlarının, o cümlədən müsəlmanların ənənəvi dəyərlərinin qorunmasından və mənəvi keyfiyyətlərinin himayəsindən məmnunluğunu ifadə edən Şeyxülislam həzrətləri bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin tərəfindən təsdiq edilən RF milli təhlükəsizlik strategiyasını xatırladıb.

Həmin sənəddə Rusiya Federasiyası xalqlarının tarixlə formalaşmış vahid mənəvi-əxlaqi və mədəni-tarixi dəyərləri sistemi, eləcə də Rusiya Federasiyasının çoxmillətli xalqının özünəməxsus mədəniyyətinin Rusiya mədəniyyətinin ayrılmaz hissəsi olduğu qeyd edilir.

QMİ rəhbəri Rusiyanın terrorun, xüsusilə də öz mənfur əməllərilə böyük dünya dinlərindən olan İslamın adını ləkələyən, öz zorakılıqları ilə dünya birliyinin gözündə İslamın adının terror, vandalizm və cəhalətlə birlikdə çəkilməsinə cəhd edən "İslam dövləti" kökünün kəsilməsi istiqamətində Rusiyanın səylərini dəstəklədiyini bildirdi, ekstremizmə və radikallığa yalnız dövlətlərin, ictimai-siyasi xadimlərin və dini təşkilatların birgə səylərilə qalib gəlinə biləcəyinə əminliyini ifadə edib.

"Rusiya Federasiyasının, həmçinin Azərbaycan Respublikasının dövlət siyasəti insanları milli və dini əlamətlərinə görə ayırmayan bir siyasətdir. Vətəndaşlarımız arasında nifaq toxumları səpmək cəhdləri uğursuzluğa məhkumdur. Bunun zamini xalqlarımızın və onların rəhbərlərinin müdrikliyidir" - deyə Şeyxülislam həzrətləri çıxışında bildirib.

Qurultay iştirakçıları hesabat dövründə Ruhani İdarəsinin işini qənaətbəxş hesab ediblər və yekdilliklə Həzrətəli Dzasejevin namizədliyini dəstəkləyərək növbəti beş il müddətinə onu Kabardin-Balkar MRİ sədri və müftisi seçiblər.

Qurultay başa çatdıqdan sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Kabardin-Balkar Respublikası Başçısı Administrasiyasının rəhbəri Muhammed Kodzokovla görüşüb.

Həmin gün QMİ nümayəndə heyəti Çerkessk şəhərinə yola düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti