Bakı. Samir Əli - Trend:
Azərbaycanda qətl və digər cinayət əməlləri törətməkdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Şakir Orucov və müxtəlif müddətlərə azadlıqdan məhrum edilən digər məhbuslar - Röyal Əhmədov, Rəşad Tağıyev, Rəhim Səttarov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti veriblər.
Trend-in məlumatına görə, şikayət Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun icraatına verilib. Apelyasiya şikayətinin ilkin baxışı martın 29-na təyin edilib.
Qeyd edək ki, Ş.Orucov Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mühafizə Şöbəsinin polis nəfəri vəzifəsində işləyən zaman iş yoldaşı R.Əhmədovla cinayət əlaqəsinə girərək, mütəşəkkil dəstə yaradıb. Onlar Naxçıvan şəhəri, İstiqlal küçəsi, bina 23, mənzil 9-da yaşayan Nəsibə Axundovanın maddi imkanının yaxşı olduğunu öyrənib, onu öldürüb evini qarət etmək qərarına gəliblər. Bu məqsədlə 2012-ci il, oktyabrın 20-də N.Axundovaya məxsus mənzilə basqın edib, ev sahibəsinin boğub öldürüblər.
Dəstə üzvləri mənzildə axtarış aparıblar, qadının çantasından 60 manat pul, qızıl-zinət əşyaları götürəndən sonra mətbəxdəki qazı açıq qoyaraq hadisə yerini tərk ediblər.
N.Axundovanın yaxınları onu mənzildə ölmüş vəziyyətdə aşkar ediblər. Bədənində heç bir xəsarət aşkar edilmədiyindən bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyiblər. Hadisədən uzun müddət sonra N.Axundovanın kəskin ürək çatışmazlığından ölməsi deyil, qətlə yetirildiyi məlum olub.
Ş.Orucov və R.Əhmədov növbəti cinayətə polis əməkdaşı işləyən Rəhim Səttarovu da cəlb ediblər. Bu dəfə onlar Naxçıvan şəhər sakini Tahirə Əhmədovanın mənzilini qarət etməyi qərara alıblar.
Qadının mənzildə tək, özünün isə imkanlı olduğunu bilən dəstə üzvləri 2014-cü il, mayın 5-də onun yaşadığı evə yollanıblar. Özlərini icra hakimiyyətinin nümayəndəsi kimi təqdim edərək mənzildəki istilik sistemini yoxlayacaqlarını bildiriblər.
T.Əhmədova qapını açarkən ona qəflətən hücum çəkiblər. Ev sahibəsinin boyun nahiyəsini sıxaraq onu qətlə yetiriblər. Mənzildən T.Əhmədovaya məxsus 6 min manat dəyərində qızıl əşyaları oğurlayıblar. Elə həmin gün əldə etdikləri qızılları satmaq məqsədilə Türkiyə ərazisinə keçiblər. Qızılın satışından əldə etdikləri gəliri aralarında bölüşüblər.
Onu da qeyd edək ki, T.Əhmədovanın ailə üzvləri onu huşsuz vəziyyətdə tapıblar. Onlar əvvəlcə mərhumun beyninə qan sızması nəticəsində dünyasını dəyişdiyini güman ediblər. Ona görə də hüquq-mühafizə orqanlarına məlumat verməyiblər. Amma sonradan T.Əhmədovanın qətlə yetirilməsi və mənzilin qarət edildiyi məlum olub.
İki nəfəri qətlə yetirən dəstə üzvləri artıq Naxçıvanda qalmayıblar. Onlar öz "fəaliyyətləri"ni davam etdirmək üçün paytaxta üz tutublar.
Dəstə üzvü Rəşad Tağıyevin qonşuluğunda yaşayan Kamilə İsgəndərovanın imkanlı olduğunu öyrəndikdən sonra qadını öldürüb pullarını və qızıllarını ələ keçirməyi planlaşdırıb. Bu niyyətlə onlar 4 avqust, 2014-cü ildə onun yaşadığı mənzilə gəliblər. Dəfələrlə mənzilin giriş qapısını döysələr də, ev sahibəsi evdə olmadığından öz cinayətkar niyyətlərinin reallaşdıra bilməyiblər.
Ertəsi gün R.Tağıyevin uzaq qohumu olan İlknur Qasımovanın mənzilini aparmağı planlaşdırıblar. Gecə saat 03 radələrində onun yaşadığı evin yaxınlığına gəliblər. Amma evdə işıqlar yandığından və mənzildə başqa şəxslər olduğundan geri qayıtmağa məcbur olublar.
2015-ci ilin fevralında isə Rəşad Tağıyev Raci İsgəndərovla qabaqcadan əlbir olub, İrandan narkotik maddə gətirən zaman sərhəd-keçid məntəqəsində tutulublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Orucov ömürlük, R.Əhmədov 20 il, R.Tağıyev və R.Səttarov isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər.