...

Azərbaycan Hərb Tarixi Muzeyində "Azərbaycan Böyük Vətən müharibəsində" adlı tədbir keçirilib

Cəmiyyət Materials 3 May 2016 22:38 (UTC +04:00)
Mayın 3-də Azərbaycan Hərb Tarixi Muzeyində Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 71-ci ildönümünə həsr olunan "Azərbaycan Böyük Vətən müharibəsində" adlı tədbir təşkil olunub.
Azərbaycan Hərb Tarixi Muzeyində "Azərbaycan Böyük Vətən müharibəsində" adlı tədbir keçirilib

Bakı. Trend:

Mayın 3-də Azərbaycan Hərb Tarixi Muzeyində Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 71-ci ildönümünə həsr olunan "Azərbaycan Böyük Vətən müharibəsində" adlı tədbir təşkil olunub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Böyük Vətən müharibəsində həlak olan oğul və qızlarımızın, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

"Azərbaycan Böyük Vətən müharibəsində" mövzusunda məruzə ilə çıxış edən muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə xalqımızın faşizm üzərində tarixi Qələbəyə böyük töhfə verdiyini bildirib. O, bu şanlı zəfərin əldə olunmasında çox böyük payı olan xalqımızın 700 minədək oğul və qızını cəbhəyə yola saldığını, onların təxminən yarısının döyüşlərdə həlak olduğunu vurğulayıb. Qeyd edilib ki, Azərbaycanın 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif olunub.

Ə.Qənizadə diqqətə çatdırıb ki, 1941-1945-ci illər müharibəsində Qələbənin qazanılmasında azərbaycanlı çağırışçılardan və könüllülərdən ibarət 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı atıcı diviziyalar böyük qəhrəmanlıq nümunəsi göstərib.

Sonra muzeyin tədqiqatçı-elmi işçisi Sevər Həsənovanın "Vətənə həsr edilən ömür: Sovet İttifaqı qəhrəmanları Xəlil Məmmədov, Əvəz Verdiyev və Ağaşirin Cəfərov haqqında", muzeyin ekspozisiya hissəsinin rəisi Şəlalə Hüseynovanın "Azərbaycan partizan hərəkatı Qərbi və Şərqi Avropada" mövzularında məruzələri dinlənilib.

Digər çıxış edənlər də xalqımızın faşizmə qarşı mübarizədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də qəhrəmanlıq göstərdiyini vurğulayıb, şanlı Qələbəyə Bakı neftinin töhfəsinin əvəzsiz olduğunu söyləyib, veteranlara göstərilən dövlət qayğısından danışıblar. Veteranlarımızın ölkəmizin ictimai-siyasi həyatında, xüsusən gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsində fəal iştirak etdikləri xüsusi qeyd olunub.

Böyük Vətən müharibəsi veteranları döyüş xatirələrindən söz açıb, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin veteranlara böyük diqqət və qayğısından danışıblar.
Sonda "İkinci Dünya müharibəsi və Azərbaycan" adlı qısametrajlı sənədli film nümayiş olunub.

Xəbər lenti

Xəbər lenti