...

Fuad Muradov: Kiminsə siyasi dünyagörüşü fərqli ola bilər, amma mədəniyyəti qoruyub saxlamaq lazımdır

Cəmiyyət Materials 18 May 2016 16:03 (UTC +04:00)
Azərbaycanın müstəqil bir dövlət kimi dünya səviyyəsində yer alması birbaşa Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Fuad Muradov: Kiminsə siyasi dünyagörüşü fərqli ola bilər, amma mədəniyyəti qoruyub saxlamaq lazımdır

Bakı. Trend:

"Azərbaycanın müstəqil bir dövlət kimi dünya səviyyəsində yer alması birbaşa Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bunu nəinki Azərbaycan daxilində, sərhədlərimizdən kənarda da qəbul edirlər. Hətta Azərbaycanın müstəqilliyini, inkişafını istəməyən bədxahlar da bu faktı inkar edə bilmirlər".

Bu sözləri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov iki gəncin mərhum Prezident Heydər Əliyevin heykəli önündə milli adət-ənənələrə yad olan hərəkətləri ilə bağlı söyləyib.

Deputat qeyd edib ki, müasir Azərbaycan gəncliyi bizim müstəqil bir ölkədə yaşamağımız, müstəqil bir ölkənin vətəndaşı olmağımız, milli kimliyimizin dünya tərəfindən qəbul edilməsi üçün Heydər Əliyevin nə qədər əziyyətlər çəkdiyini çox yaxşı bilir: "Heydər Əliyev bizə dünyanın ən böyük əmanətini miras qoyub. Bu, Azərbaycanın müstəqilliyidir. Biz bunu dərk edirik və müstəqilliyimizin davamlı olması, dövlətimizin güclü olması üçün üzərimizə düşən yükü götürməliyik. Bu mənada Azərbaycan gəncliyinin fəaliyyəti qənaətbəxşdir. Dünyanın ayrı-ayrı ölkələrindən Azərbaycan gəncliyinin səsi yüksək yerlərdən gələndə hər birimiz fəxr hissi keçiririk".

Komitə rəhbəri onu da vurğulayıb ki, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, gənclik ilk növbədə milli adət-ənənələrə, mental xüsusiyyətlətə önəm verməli, min illər boyu yaşatdığımız milli keyfiyyətləri qorumalıdır: "Hesab edirəm ki, bu mənada da gəncliyimizlə fəxr edə bilərik. Mən son illərin gəncliyini Azərbaycan tarixində millətinə, dövlətinə bağlı ən böyük milli qüvvə hesab edirəm. Ancaq təəssüflə qeyd etməliyəm ki, bu günlərdə Ümummilli liderimizin heykəli önündə heç bir adət-ənənəyə sığmayan hərəkətlər məndə xeyli təəssüf hissi doğurdu. Ümid edirəm ki, bu işi görənlər öz səhvlərini anlayacaqlar. Kiminsə siyasi dünyagörüşü fərqli ola bilər, amma mədəniyyəti, etikanı qoruyub saxlamaq lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti