...

RİİB valideyn himayəsindən məhrum uşaqlar üçün peşə kursları təşkil edib (FOTO)

Cəmiyyət Materials 23 May 2016 16:52 (UTC +04:00)
RİİB valideyn himayəsindən məhrum uşaqlar üçün peşə kursları təşkil edib.
RİİB valideyn himayəsindən məhrum uşaqlar üçün peşə kursları təşkil edib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Düzgün peşə seçimi gələcək uğurun başlanğıcı hesab olunur və bu seçim insanın həyatında verdiyi ən önəmli qərarlardan biridir. Quba şəhər valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbinin 9-11-ci sinif şagirdləri artıq öz peşə və ixtisas seçimində qərarlıdırlar. Peşə sahələri üzrə bilik və bacarıqların artırılmasında onlara dəstək məqsədi ilə Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinə (RİİB) daxil olan müraciət əsasında valideyn himayəsindən məhrum uşaqlar üçün peşə yönümlü kurslar təşkil olunub.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, 21 şagirdin iştirak etdiyi kurslarda Quba peşə liseyinin müəllimləri tərəfindən nəzəri və praktik dərslər keçirilib. Təlimlər uşaqların istedad və bacarıqlarına uyğun olaraq aşpaz, saç ustası, avtomexanik, tibb bacısı, rəssam və digər ixtisaslar üzrə təşkil olunub.

İnternat məktəbinin 5 şagirdi təlim kurslarında yaradıcılığa üstünlük verib. Onlar muncuqlardan, sapdan tikmələrlə əl işlərinin və rəssamlığın sirlərini öyrəniblər. Yeniyetmələr əsasən vətənpərvərlik və təbiət mövzusunda əsərlər üzərində çalışıblar. Bu kursu bitirən şagirdlər əl işlərini sərgiyə təqdim etməyi planlaşdırır.

Eyni zamanda internat məktəbinin 3 yetirməsi mühərrik üzrə mexanik və elektrotexnik peşəsini seçiblər. Gənclər XXI əsrin yeni texnologiyaların inkişafı dövrü olduğunu nəzərə alaraq bu sənətə üstünlük veriblər.

Qeyd edək ki, kurs müddətində hər bir iştirakçı öyrəndiyi bilikləri həm də öz sahələri üzrə praktik saatlarda nümayiş etdirmək şansı qazanıb.

Əldə olunan bilikləri inkişaf etdirmək məqsədilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən kursu bitirən şagirdlərin hər birinə seçdikləri peşə yönümünə uyğun hədiyyələr də təqdim edilib.

Eyni zamanda şagirdlərin seçdikləri peşəyə uyğun nəzəri və praktik biliklərinin artırılması məqsədilə təlim kurslarına iyun ayının ortalarınadək davam etdirilməsi qərara alınıb.

Qeyd edək ki, regionlarda valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan, eləcə də sağlamlıq imkanları məhdud gənclərin dünyagörüşlərinin və praktiki biliklərinin artırılması, təhsil almaq imkanlarının yaxşılaşdırılması, cəmiyyətə aktiv inteqrasiyasının təmin edilməsi üzrə layihələrin həyata keçirilməsi RİİB-in əsas fəaliyyət istiqamətlərindəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti