...

Son günlər vəhşi heyvanların yaşayış məntəqələrinə hücumları təsadüfdürmü?

Cəmiyyət Materials 1 İyun 2016 17:28 (UTC +04:00)
Azərbaycanda son bir neçə gün ərzində insanların məskunlaşdığı ərazilərə yırtıcı heyvanların hücumu bir neçə dəfə baş verib.
Son günlər vəhşi heyvanların yaşayış məntəqələrinə hücumları təsadüfdürmü?

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda son bir neçə gün ərzində insanların məskunlaşdığı ərazilərə yırtıcı heyvanların hücumu bir neçə dəfə baş verib. Mayın son günlərində Zaqatalanın Qandax kəndinə hücum edən canavar 42 baş qoyundan 18-ni parçalayıb, 9-na xəsarət yetirib.

Bu hadisədən sonra Oğuzun Xalxal kəndi yaxınlığında yerləşən meşə sahəsindən kəndə hücum edən ayı mal-qaraya xəsarət yetirməklə yanaşı, kənddə yerləşən uşaq bağçasının həyətinə də daxil olub. Həmin vaxt bağçada 25 uşaq olsa da, xoşbəxtlikdən vəhşi heyvan onlara xəsarət yetirməyib. Vəhşi heyvanın hücumunun qarşısı yalnız onu öldürməklə alınıb.

Vəhşi heyvanların hücumu ilə bağlı ən sonuncu hadisə isə İsmayıllının Mücəftəran kəndində qeydə alınıb. Bu kənddə Füzuli Ağamalıyev və Nəsimi Babayevə məxsus 15 baş inək və qoyun 4 canavarın hücumuna məruz qalıb, canavarları qovmaq istəyərkən onların hücumuna məruz qalan S.Məmmədov əl, qol, çənə və boğazından ağır xəsarətlər alıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev Trend-ə deyib ki, nazirliyin yerli idarələri hazırda təhlükə olan ərazilərdə monitorinqlər keçirir.

Onun sözlərinə görə, son dövrlərdə vəhşi heyvanların yaşayış məntəqələrinə, təsərrüfatlara etdiyi hücumların sayının artdığını demək olmaz: "Heyvanların hücum etdiyi ərazilərin hamısı meşə sahəsinin yaxınlığındadır. İndi yaşayış evlərinin də hamısı meşə sahələrinin yaxınlığında yerləşir. Belə olan halda hücumların baş verməsi istisna edilmir. Amma hücum halları da təsadüfən olur. Meşələrdə minlərlə vəhşi heyvan var. Məgər bütün kəndlərə hücum edilir?! 3-4 faktın olması o demək deyil ki, bütün vəhşi heyvanlar kəndlərə və təsərrüfatlara hücum edirlər. Ona görə də son hadisələri hücum hallarının sayının artımı kimi qiymətləndirmək olmaz".

Nazirlik rəsmisinin sözlərinə görə, insanların vəhşi təbiətdəki heyvanları təqdib edilmə yolu ilə ovlaması qadağandır. Belə hala yol verən insanlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, inzibati xəta hesab olunan hala görə 1000-2000 manat məbləğində cərimələnə bilərlər: "Nazirlər Kabinetinin qərarına uyğun olaraq, hər bir heyvana görə də dəymiş zərər hesablanır. Amma kimsə qanunsuz ov edirsə, yaxud ərazidə tüfəngi açıq vəziyyətdə olarsa, heyvan ovlayıb-olmamasından asılı olmayaraq, o, inzibatı xəta törətmiş hesab edilir və İXM-nin 272.3-cü maddəsinə əsasən, törədilən inzibati xətadan asılı olaraq, 1000-2000 manat cərimlənir".

R.Mirzəyevin sözlərinə görə, amma həyat üçün təhlükəli şərait yarandıqda insan özünümüdafiə, təsərrüfatını qorumaq üçün son zərurət tədbiri kimi heyvanı məhv edə bilər. Bu halda cərimələnmə həmin şəxslərə şamil olunmur.

Nazirlikdən bildirilib ki, vəhşi heyvanların yaşayış ərazilərinə hücum etməsi faktı olduqda və ya bununla bağlı hər hansı təhlükə gözlənildikdə sakinlər ETSN-in ərazi idarələrinə müraciət etməlidirlər. Bunun əsasında da nazirlik həvəskar ovçuları, bələdiyyə, Dövlət Baytarlqı Xidmətinin nümayəndələrini cəlb etməklə həmin ərazilərdə reydlər keçirə və yırtıcı heyvanları məhv edə bilər: "Lakin çox təəssüf ki, bu günədək nə rayon icra hakimiyyətlərindən, nə ayrı-ayrı bələdiyyərlərdən, nə də insanlardan nazirliyə vəhşi heyvanların hücumları ilə bağlı rəsmi müraciət daxil olmayıb. Bu məsələdə aktivlik göstərilmir. Biz mətbuatdan eşidirik ki, hansısa təsərrüfata vəhşi heyvan hücum edib".

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Trend-ə bildirib ki, vəhşi heyvanların yaşayış məntəqələrinə hücumunun artması və belə halların əvvəlki illərdə qeydə alınmaması ilə bağlı ilə bağlı deyilən fikirlər düzgün deyil: "Belə hallar həmişə olub. Heyvanların hücumu müxtəlif səbəblərdən ola bilər. Bunun səbəbləri aclıq da, heyvanların sayının çoxalaraq əhatə dairələrini genişləndirməsi də ola bilər. Məsələn, əvvəl hər hansı kvadrat kilometrə iki heyvan düşürdüsə, indi 5 heyvan düşə bilər. Təxmin edirik ki, heyvanların hücumu bu səbəblərlə bağlı ola bilər".

DBX tərəfindən heyvanların yaşayış məntəqələrinə hücumu ilə bağlı hər hansı statistik məlumatların toplanılmadığını deyən Y.Xanvəli qeyd edib ki, vəhşi heyvanların hücumu daha çox qışın sonu, yazın əvvəllərində qeydə alınır.

Y.Xanvəli bildirib ki, respublikada quduzluq xəstəliyinə görə epizootik vəziyyət tam nəzarətdə saxlanılır və hazırda vəziyyət sabit qiymətləndirilir.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, vəhşi heyvanlar dişləmə, cırmaqlama yolu ilə, habelə tüpürcək vasitəsilə insanı ölümlə nəticələnən yoluxucu xəstəliyə - quduzluğa da yoxuxdururlar. İnsanda quduzluq xəstəliyinin əlamətləri bu infeksiyaya yoluxduqdan 2 gündən 3 aya qədər, nadir hallarda isə bir ilə müşahidə edilə bilər. Quduzluq xəstəliyinin hidrofobiya və aerofobiya (sudan və havadan qorxma əlamətləri), psixo-nevrotik, udqunma aktının pozulması, hallusinasiya, yüksək hərarət, dişlənmiş yerdə ağrının olması, hipersalivasiya kimi əlamətləri var: "Buna görə də hər hansı bir heyvan tərəfindən dişləmə, tüpürcəkləmə və ya cırmaqlanma baş veribsə, dərhal həkimə müraciət etmək və antirabik vaksini vaxtında vurdurmaq lazımdır. Quduzluq xəstəliyindən yeganə qorunmaq yolu antirabik vaksinin və immunoqlobulinin vaxtında vurulmasıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti