...

Turizm şirkətlərimiz "Formula-1"in qonaqlarına xidmət etməyə hazırdır?

Cəmiyyət Materials 3 İyun 2016 08:40 (UTC +04:00)
Azərbaycanın turizm şirkətləri “Formula-1” yarışları ilə əlaqədar ölkəyə gələcək xarici qonaqlara xidmət etmək üçün hazır vəziyyətdədir.
Turizm şirkətlərimiz "Formula-1"in qonaqlarına xidmət etməyə hazırdır?

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın turizm şirkətləri "Formula-1" yarışları ilə əlaqədar ölkəyə gələcək xarici qonaqlara xidmət etmək üçün hazır vəziyyətdədir.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

AzTA-nın tərkibində Bakı Bələdçi Mərkəzinin yaradıldığını xatırladan M.Ağakərimov əlavə edib ki, bu mərkəz də Azərbaycana gələn qonaqlara müxtəlif dillərdə ekskursiya xidmətləri göstərmək üçün hazır vəziyyətdədir: "Azərbaycanda "Formula-1"dən də əvvəl bir çox beynəlxalq tədbirlər keçirilib. Artıq turizm şirkətlərinin bu sahədə böyük təcrübəsi var. Turizm şirkətləri nəinki "Formula-1" yarışlarına, eləcə də ölkədə il ərzində keçirilən bütün tədbirlərdə iştirak üçün gələn qonaqlara xidmət göstərməyə hazır olmalıdırlar və olurlar da. Turizm şirkətləri bu yarışlara da çox yaxşı hazırlaşıblar".

M.Ağakərimov deyib ki, "Formula-1" yarışları ilə əlaqədar Azərbaycana gələcək qonaqlar üçün ayrıca turizm marşrutları yaradılmayıb: "Ancaq turistlər tərəfindən əlavə yeni marşrutlar istənilsə, şirkətlər onları təşkil edə biləcəklər. Bakıda Qobustan, Yanardağ, Atəşgah və digər maraqlı abidələr var. Gələn qonaqlar nəinki Bakıya, Bakıdan kənara da - Qubaya, Qəbələyə, İsmayıllıya, Şəkiyə və digər yerlərə getmək istəsələr, onlar üçün bu səfərlər təşkil olunacaq".

M.Ağakərimov deyib ki, gələn qonaqlara turizmin müxtəlif növlərini, o cümlədən Azərbaycan mətbəxininin, şərablarının dequstasiyasını, çimərlik turizm növünü də təklif edə bilərlər.

Xatırladaq ki, "Formula-1" yarışları Bakıda iyunun 17-dən 19-dək keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti