...

SABAH qruplarına qəbul üçün imtahan keçirilib

Cəmiyyət Materials 16 İyun 2016 15:51 (UTC +04:00)
SABAH qruplarına 2016-2017-ci tədris ili üçün tələbə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilib.
SABAH qruplarına qəbul üçün imtahan keçirilib

Bakı. İlhamə İsabalayeva - Trend:

SABAH qruplarına 2016-2017-ci tədris ili üçün tələbə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 1750 tələbənin iştirak etdiyi imtahan Azərbaycan Dövlət İqtisad Universiteti və 132-134 nömrəli Təhsil Kompleksində təşkil olunub.

Tələbələr imtahanda ingilis dili və məntiqdən hər biri 50 sual olmaqla, ümumilikdə 100 sualı cavablandırıblar.

Nəticələr SABAH qruplarının rəsmi internet səhifəsində (www.sabah.edu.az) yerləşdiriləcək.

İmtahanın nəticələrinə əsasən, hər bir ixtisas üzrə yüksək bal toplayan tələbələr müsahibəyə buraxılacaq. Müsabiqədən uğurla keçən tələbələr təhsillərini II kursdan ixtisaslarına uyğun olaraq SABAH qruplarının yaradıldığı baza ali təhsil müəssisələrində davam etdirəcəklər.

Qeyd edək ki, SABAH qruplarına daxil olmaq üçün ərizə qəbulu mayın 7-dən 25-dək aparılıb. Bu müddət ərzində 45 ixtisas üzrə 2229 tələbə elektron qaydada qeydiyyatdan keçib. Müraciət etmiş namizədlərdən 2067 nəfərin ərizəsi müsbət qiymətləndirilərək imtahan mərhələsinə buraxılıb.

Xatırladaq ki, 2014-2015-ci tədris ilindən etibarən yaradılmış, hazırda 11 ali təhsil müəssisəsini və 1600-dən çox tələbəni əhatə edən, tələbələrə daha üstün təhsil və inkişaf imkanları verən SABAH layihəsi ali təhsil sistemində ən aparıcı layihələrdəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti