Bakı. İlhamə İsabalayeva - Trend:
“Formula 1” yarışını izləmək üçün Bakıya gələn qonaqlar daha çox 5 ulduzlu hotelləri sifariş ediblər.
Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
Onun sözlərinə görə, qonaqlar hotellərlə yanaşı, “Atletlər kəndi”ndə də yerləşdirilib.
M.Ağakərimov bildirib ki, hazırda Bakıda 150-dən çox hotel var. Onların 20-dən çoxu 5, qalanları 4 və 3 ulduzludur.
Bakıdakı bütün hotellərin qonaq qəbul etmə imkanının olduğunu deyən M.Ağakərimov qonaqların yerləşdirilməsi ilə bağlı heç bir problemin olmadığını da söyləyib: "5 ulduzlu hotellər demək olar ki, dolub. Burada yerlər əvvəlcədən bronlaşdırılıb. Hətta yerlərin bəziləri zəmanətlə bronlaşdırılıb, yəni pulu əvvəlcədən ödənilib”.
Assosiasiya rəsmisinin sözlərinə görə, əgər bundan sonra əlavə qonaqlar gələrsə, onların da yerləşdirilməsi ilə bağlı heç bir problem olmayacaq. Həmin qonaqları 3, 4 ulduzlu hotellərdə yerləşdirmək mümkün olacaq: “Bizim digər hotellərdə kifayət qədər yerimiz var. Digər tərəfdən, bizim “Atletlər kəndi”miz və digər yerlər var. Azərbaycanın beynəlxalq tədbirlər keçirmək baxımından böyük təcrübəsi var, bütün təşkilati məsələlər əvvəlcədən yüksək səviyyədə təşkil olunub”.