...

"Türkiyə bu ağır sınaqdan üzüağ çıxdı"

Cəmiyyət Materials 20 İyul 2016 17:33 (UTC +04:00)
Türkiyədə baş verən qiyam cəhdi ilə bağlı Azərbaycan Prezidentinin, xalqımızın mövqeyi birmənalıdır.
"Türkiyə bu ağır sınaqdan üzüağ çıxdı"

Bakı. Trend:

Türkiyədə baş verən qiyam cəhdi ilə bağlı Azərbaycan Prezidentinin, xalqımızın mövqeyi birmənalıdır. Azərbaycan bu məsələdə Türkiyə dövlətinin, xalqının yanında oldu.

Bunu Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri Rufiz Qonaqov deyib.

R.Qonaqov bildirib: "Mən Türkiyədə baş verənləri təkcə dövlət çevrilişinə cəhd kimi qiymətləndirmirəm. İyulun 15-də Türkiyə dövləti işğal olunacaqdı, xarici dairələr tərəfindən idarə olunacaqdı. Çünki dövlət çevrilişi etmək istəyənlər kənardan idarə olunurdular, xarici qüvvələr Türkiyədəki adamlarının vasitəsilə ölkəni ələ alacaqdılar. Niyə? Çünki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müstəqil xarici siyasət yürüdür, ölkəni inkişaf etdirərək dünyanın qabaqcıl dövləti edib. Bu, bəzi Qərb dairələrini narahat etdiyindən Türkiyədə dövlət çevrilişinə cəhd edildi. Amma Türkiyə xalqı qiyamçıları yerində otuzdurdu, xarici qüvvələrin iyrənc planlarının həyata keçməsinə imkan vermədi. Türkiyənin bütün şəhərlərinin, xüsusilə Ankara və İstanbulun küçə və meydanlarına axışan xalq dövlətin müdafiəsinə qalxdı. Türkiyə xalqı, tarixdə dəfələrlə olduğu kimi, yenidən bənzərsiz bir fədakarlıq göstərərək öz dövlətçiliyini və Türkiyə xalqının demokratiya haqqını qorudu".

Onun sözlərinə görə, baş verənlər türk milli iradəsinin sarsılmazlığını göstərdi: "Türkiyə bu ağır sınaqdan üzüağ çıxdı. Rəcəb Tayyib Ərdoğan və xalq Türkiyəni dağılmaqdan xilas etdilər. Ərdoğan və xalq imkan vermədi ki, Şərqdə daha bir dövlət Suriyanın, İraqın gününə düşsün. Türkiyə Böyük Millət Məclisinin binasını bombardman edən qiyamçıların hakimiyyətə gələcəkləri təqdirdə daha nələrə əl atacaqlarını təsəvvür etmək çətin deyil. Xalqın qanı üzərindən hakimiyyətə gələn qüvvələrin demokratik dövlət qura biləcəklərinə inanmaq mümkün deyil. 15 iyulda Ərdoğan Atatürkün qurduğu Türkiyəni böyük bir fəlakətdən, faciədən xilas etdi".

R.Qonaqov əlavə edib: "Mən çox təəssüf edirəm ki, Azərbaycanda bəzi media qurumları jurnalistikanın prinsiplərini pozaraq gərgin anlarda qardaş Türkiyənin yanında durmaq əvəzinə, bu ölkədə sabitliyi pozmaqda maraqlı olanlara efir veriblər".

O bildirib ki, ANS telekanalına Azərbaycan dövləti hər zaman dəstək olub, hər cür köməklik edib: "Hətta bəzi hallarda çoxsaylı qanun pozuntularına göz yumulub. Təəssüf ki, telekanal bu dəstəkləri, imtiyazları görməzdən gəldi və dövlətin maraqlarına zidd fəaliyyətə yol verdi. Türkiyədə müxalifət mətbuatı belə son olaylarda dövlətin maraqlarını müdafiə etdiyi halda telekanalın Fətullah Güləni müdafiə edən addım atması arzuolunmazdır. Televiziya strateji sahədir və orada işləyənlər son dərəcə məsuliyyətli olmalıdırlar. Qeyd olunan telekanalın son fəaliyyəti “bir millət - iki dövlət” ideyasına zidd idi. Əgər qardaş Türkiyə dövləti Azərbaycanda hansısa telekanalın fəaliyyətindən ciddi narahatlıq keçirirsə, rəsmi Bakı müvafiq addımlar atmalı idi. Telekanalın rəhbərliyi Gülən terror şəbəkəsinin törətdiyi cinayətləri qulaqardına vuraraq həm Türkiyə, həm də Azərbaycan dövlətinin maraqlarına zidd fəaliyyət göstərməsi sonda bu kanalın cəzalandırılmasına gətirib çıxardı. Telekanal ona verilən azadlıqdan sui-istifadə etməməlidir. Milli Televiziya və Radio Şurası çox doğru qərar verdi. Bu qərar üzərində manipulyasiya etmək, bunu fərqli istiqamətlərə yozmaq doğru deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti