...

Valentin Demyanenko: Prezident İlham Əliyevə idmançılar üçün yaratdığı şəraitə görə minnətdaram (FOTO)

Cəmiyyət Materials 27 Avqust 2016 17:26 (UTC +04:00)
Bütün idmançılar kimi mən də olimpiadada qızıl medal qazanmaq istəyirdim.
Valentin Demyanenko: Prezident İlham Əliyevə idmançılar üçün yaratdığı şəraitə görə minnətdaram (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

"Bütün idmançılar kimi mən də olimpiadada qızıl medal qazanmaq istəyirdim. Amma yekunda gümüşlə kifayətləndim. Bu nəticəni layiqli hesab edirəm”.

Trend-in məlumatına görə, bu sözləri Azərbaycan kanoeçisi, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarının gümüş medalçısı Valentin Demyanenko Mingeçevirdə yerləşən “Kür” Olimpiya Tədris İdman Mərkəzində mətbuat konfransında jurnalistlərə deyib.

V.Demyanenko ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib və rayon ictimaiyyəti ilə görüsüb.

V.Demyanenko olimpiadada qızıl deyil, gümüş medal qazanmasının səbəbini belə izah edib: “Finalda hər şey qaydasında idi. Qalib olmağım üçün 0,2 saniyə çatmadı. 7 santimetr məsafə gümüş medalla kifayətlənməyimə səbəb oldu”.

Təcrübəli idmançı qazandığı uğuru maksimum nəticə hesab etmir: “Mənim üçün maksimum nəticə qızıl medal olardı. Qazandığım nəticədən daha artığına layiq idim. Həm Londonda, həm də Rio-da çempion olmaq gücündəydim. Amma sonda gümüş medal qazandım”.

V.Demyanenko qeyd edib ki, hazırda istirahət barədə düşünür: “Olimpiadada istədiyimə nail oldum, medal qazandım. İndi istirahət etməliyəm. Ukraynaya yollanacağam. Ukraynalılar arasında da qazandığım nəticəyə görə sevinənlər var. Amma onlar daha çox öz çempionlarına görə sevinirlər”.

33 yaşlı idmançı hələlik gələcək karyerası haqqında qərar qəbul etmədiyini vurğulayıb: “Növbəti olimpiadada iştirak edib-etməyəcəyimi indidən deyə bilmərəm. Karyeramı davam etdirib-etdirməyəcəyim hələ məlum deyil. Lakin istənilən halda, karyeramı bitirdikdən sonra məşqçi işləyəcəyəm. Çünki bütün həyatımı bu idman növünə həsr etmişəm. Məşqçilərimdən çox şey öyrənmişəm. Onlarən hər biri mənə çox kömək ediblər”.

V.Demyanenko vaxtı ilə Azərbaycan yığmasında birgə çalışdığı Andrey Kraytorla münasibətlərindən də söz açıb: “Ona qarşı münasibətim hamı kimidi. Hər şey normaldı. İdmanda düşmən olmur. Heç bir rəqibim arasında fərq qoymuram”.

Əslən ukraynalı olan idmançı Azərbaycan dilində anladığını söyləyib: “Artıq 9 ildir burada yaşayıram. Azərbaycan dilini müəyyən qədər başa düşürəm, bəzi sözlərin mənasını bilirəm. Təəssüf ki, Azərbaycan dilində danışa bilmirəm”.

Sonda V.Demyanenko qazandığı olimpiya medalında rolu olan hər kəsə təşəkkür edib: “İlk növbədə Azərbaycan Prezidenti İlham Əliyevə idmançılar üçün yaratdığı şəraitə görə minnətdaram. Eləcə də Gənclər və idman naziri Azad Rəhimova, federasiyamızın prezidenti Elçin Zeynalova təşəkkür edirəm. Mənə dəstək olan hər kəs sağ olsun. 9 il ərzində uzun yol qət etmişik. Yekunda olimpiadada gümüş medal qazandım. Bu uğurda mənə kömək olan hər kəsə dərin təşəkkürümü bildirirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti