...

MOK-un vitse-prezidenti Azərbaycan güləşinə "dopinq hücumu"ndan danışdı

Cəmiyyət Materials 6 Sentyabr 2016 15:43 (UTC +04:00)
Azərbaycanın güləş idman növü üzrə uğurları bəzi dairələri qıcıqlandırır.
MOK-un vitse-prezidenti Azərbaycan güləşinə "dopinq hücumu"ndan danışdı

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın güləş idman növü üzrə uğurları bəzi dairələri qıcıqlandırır. Trend-in məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bu gün keçirilən mətbuat konfransında Azərbaycan güləşçisində dopinq olması barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

O qeyd edib ki, Azərbaycan son illər ərzində güləş idman növü üzrə böyük uğurlar əldə edib: “Elə Rio-de-Janeyroda Azərbaycan güləşçiləri 9 medal qazandı. Deyirlər, necə oldu ki, Azərbaycan bu qədər medal qazandı?!”

Ç.Hüseynzadə bildirib ki, dopinqlə bağlı bu qalmaqal salınıb və davam edir: “Bundan sonra necə olacağı bilinmir. Dopinqi və antidopinqi icad edən ölkələrin adı nədənsə dopinq tapılan siyahıya düşmür, ancaq Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər bu kimi ölkələrin adı o siyahıya salınır. Bizim idmançılarımız həmişə yarışdan əvvəl də, sonra da dopinq testindən keçib və təmiz çıxıb. İndi bilmirəm necə olub, kimsə yeni texnologiya tapıb, yenidən gəlib dopinqi yoxlayırlar. Kimsə gəlib öz texnologiyaları ilə probları yoxlayıb deyə bilər ki, bu idmançıda dopinq var. Heç bir qanunun geriyə tətbiqi yoxdur, ancaq dopinqdə var. Burada belə problemlər var. Hesab edirəm ki, bir-iki il ərzində çoxlu mübahisələr gedəcək və əvvəl-axır bu məsələ öz həllini tapacaq”.

Qeyd edək ki, Azərbaycan, Ukrayna və Qazaxıstandan olan bir neçə güləşçinin Pekin-2008 və London-2012 Olimpiya Oyunlarında dopinqdən istifadə etdiyi barədə məlumatlar yayılıb, lakin idmançıların adları açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti