...

Macarıstanda XI Beynəlxalq Böyük Türk qurultayı keçirilib (FOTO)

Cəmiyyət Materials 29 Sentyabr 2016 14:16 (UTC +04:00)
Macarıstan paytaxtı Budapeşt şəhərində sentyabrın 25-dən 28-nə qədər davam edən XI Beynəlxalq Böyük Türk qurultayı öz işini başa çatdırıb.
Macarıstanda XI Beynəlxalq Böyük Türk qurultayı keçirilib (FOTO)

Bakı. Trend:

Macarıstan paytaxtı Budapeşt şəhərində sentyabrın 25-dən 28-nə qədər davam edən XI Beynəlxalq Böyük Türk qurultayı öz işini başa çatdırıb. Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, qurultayda Azərbaycan MEA-nın müxbir üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylunun rəhbərliyi ilə Azərbaycan türkoloq və dilçilərinin də bir qrupu iştirak edib.

Budapeştdəki Yunis İmrə Türk Kültürü institutunda keçirilən qurultayda müxtəlif türkdilli respublikalardan, habelə Polşa, Rumıniya, Rusiya Federasiyası, Albaniya, Macarıstan və b. ölkələrdən alimlər iştirak ediblər. Plenar iclaslardan ikisi Azərbaycan alimlərinin - Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri professor Roza Eyvazovanın və Bakı Slavyan Universitetinin dosenti Məhbubə Məmmədovanın sədrliyi altında keçirilib. Bütünlükdə 9 plenar iclasda yüzə yaxın məruzə dinlənilib və müzakirə edilib.

Dilçi alimlərimizdən Möhsün Nağısoylu, Vahid Ədilov, Roza Eyvazova, Cahangir Cahangirli, İkram Qasımov, Məhbubə Məmmədova, Ziyafət Qasımova, Aygül Hacıyeva Azərbaycan dilçilik elminin son illərdə keçdiyi inkişaf yolunu, türk dillərinin müxtəlif problemləri ilə bağlı tədqiqləri əks etdirən maraqlı məruzələrlə çıxış ediblər. Qurultay zamanı onlar eyni zamanda digər ölkələrdən gəlmiş həmkarları ilə görüşərək gələcək elmi əməkdaşlıq yolları ilə bağlı fikir mübadiləsi aparıblar.

Növbəti XII Böyük Türk Dili qurultayını gələn ilin oktyabr ayında Berlin şəhərində keçirilməsi qərara alınıb.

Qurultayın son günü Azərbaycanın Macarıstandakı səfirliyində alimlərimizlə görüş təşkil olunub. Səfir Vilayət Quliyev elm adamlarının qurultayla bağlı təəssüratlarını dinləyib, onlara son illərdə daha geniş vüsət alan Azərbaycan-Macarıstan humanitar əməkdaşlığı, uğurla həyata keçirilən təhsil proqramı barədə məlumat verib. Alimlərimizi Macarıstan EA və ölkə ali məktəbləri ilə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti