Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan QHT-lərinin layihələrinin maliyyələşdirilməsi ilə bağlı 2016-cı il üçün 3-cü qrant müsabiqəsinin qalibi olan “Parlaq Zəka” məktəbli çempionatı layihəsi oktyabr ayından start götürür.
Klubdan Trend-ə verilən məlumata görə, eyniadlı intellektual televiziya şousunun idman versiyası üzrə keçiriləcək layihədə Bakı şəhərinin indiyə kimi bu çempionatda iştirak etməmiş 4 rayonu iştirak edəcək. Nizami, Sabunçu, Suraxanı, Xəzər rayonları təmsil edəcək məktəblilər humanitar-ictimai profil üzrə tarix, ədəbiyyat, mədəniyyət, incəsənət üzrə bilikləri üzrə yarışacaqlar.
Klubun prezidenti Aydın Piriyev bildirib: “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təşkilati dəstəyi , Azərbaycan İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə keçirilən bu layihə gənclər arasında “Parlaq Zəka” intellektual hərakatın formalaşması və ”Parlaq Zəka”nın milli humanitar olimpiada status adına tam layiq olmaqdır”.