Bakı. Trend:
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku gimnastlarımızın idman ustalıqlarının yüksəlməsində əhəmiyyətli rol oynayacaq.
Trend-in məlumatına görə, bunu Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimində çıxışında deyib.
Bu gün ölkəmizdə təşkil edilən növbəti mötəbər bir yarışa – kişilər və qadınlar arasında idman gimnastikası üzrə Dünya Kubokuna qatılan dünyanın müxtəlif ölkələrindən olan iştirakçıları Azərbaycanda salamlayan, onlara ən xoş arzularını bildirən İ.İsmayılov qeyd edib:
“İlk növbədə qeyd etmək istəyirəm ki, bir ay öncə batut və tamblinq gimnastikası üzrə dünya kubokunun həyəcanını yaşamışıq, bu gün idman gimnastikası üzrə Dünya Kubokunun sevincini bölüşürük, növbəti ayda isə biz yenidən bədii gimnastika üzrə eyniadlı yarışda gimnastlarımızın ecazkar çıxışlarını izləmək şansı əldə edəcəyik. Şübhəsiz ki, ölkəmizdə keçirilən çox saylı beynəlxalq tədbirlər bir daha sübüt edir ki, Azərbaycan idman ölkəsidir. Azərbaycanda bu sahə hər zaman dövlətin diqqət və qayğısı ilə hərtərəfli əhatə olunub”.
Nazir müavini bildirib ki, Azərbaycan idmanının belə yüksəlişi dünya ictimaiyyətinin də marağına səbəb olur:
“Ölkəmizdə təşkilatçılıq baxımından yüksək səviyyədə keçirilmiş I Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası, futbol üzrə 17 yaşlılar arasında Avropa çempionatı, “Formula-1” Avropa Qran-Pri yarışı, dünya və Avropa çempionatları və digər beynəlxalq turnirlər Azərbaycanın bu sahədəki perspektivlərini açıqlamaqla yanaşı, vətənimizin beynəlxalq aləmdə tanınması və təbliği baxımından da böyük əhəmiyyət kəsb edir. Bu yarışların ölkəmizdə keçirilməsindən müəyyən vaxt keçsə belə, idman ictimaiyyəti xatirələrini bölüşür, beynəlxalq idman qurumları isə belə yüksək göstəriciləri əsas götürərək mütəmadi olaraq idman tədbirlərinin vətənimizdə keçirilməsinə etimad göstərirlər. Bu etimadı doğrultmaq üçün biz ölkə başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və rəhbərliyi ilə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq”.
İ.İsmayılov əlavə edib ki, 2017-ci ildə IV islam Həmrəyliyi Oyunlarına ev sahibliyinin ölkəmizə verilməsi də bunun sübutudur: “Əminəm ki, bu yarışların da yüksək səviyyədə keçirilməsinə nail olacağıq”.
O qeyd edib ki, idman gimnastikası dünyada, o cümlədən Azərbaycanda çox sevilən, böyük tamaşaçı kütləsi toplayan idman növüdür:
“Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının birinci xanımı, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra gimnastika idman növlərinə, o cümlədən idman gimnastikasına diqqət və maraq xeyli artıb və bütün tədbirlər yüksək səviyyədə təşkil olunur və idman bayramına çevrilir”.
Nazir müavininin sözlərinə görə, şübhəsiz ki, bu yarış da gimnastlarımızın idman ustalıqlarının yüksəlməsində, idman növünə marağın daha da artmasında və bu növün sonrakı inkişafında əhəmiyyətli rol oynayacaq:
“Fürsətdən istifadə edib, Azərbaycan idmanına göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya idman ictimaiyyəti adından dərin minnətdarlığımı bildirir və Mehriban xanım Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayıram”.
İ.İsmayılov xatırladıb ki, Azərbaycan idman gimnastikası üzrə Dünya Kubokuna ikinci dəfədir ev sahibliyi edir:
“Belə mötəbər yarışların respublikamızda keçirilməsinə etimad göstərdiklərinə görə Beynəlxalq Gimnastika Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Dünyanın 23 ölkəsinin idmançılarının qatıldığı bu yarışlar şübhəsiz ki, Azərbaycanda bu idman növlərinin inkişafında və təbliğində əhəmiyyətli rol oynayacaq, idmançılarımızın təcrübə toplamalarına münbit şərait yaradacaq. Əminəm ki, yarışları izləməyə gəlmiş tamaşaçı və azarkeşlər üçün də bu tədbirlər unudulmaz hadisə kimi yaddaşlarda qalacaq.
Bir daha Dünya Kubokunun iştirakçılarını qədim Azərbaycan torpağında salamlayıram və hər bir idmançıya layiqli mübarizə aparmağı və qələbə əldə etməyi arzulayıram”.