Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq daha 50 nəfər əlilliyi olan şəxs Xaçmaz rayonundakı Nabran istirahət zonasında yerləşən istirahət mərkəzinə göndərilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, proqrama əsasən, cari ildə 1100 nəfərdən çox əlilliyi olan şəxsin istirahətinin təşkili nəzərdə tutulub. Ötən aydan etibarən bu istiqamətdə müvafiq işlərə başlanılıb və artıq 805 nəfər əlilliyi olan şəxs Lənkəran, Xaçmaz, Quba rayonlarındakı istirahət mərkəzlərinə göndərilib.
Əliliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılması və müəyyən olunmuş müddətdən sonra geri qaytarılması üçün nəqliyyat vasitəsi də ayrılıb.
Əlilliyi olan şəxslər onların maddi təminatlarının artırılması, tibbi-sosial reabilitasiyası istiqamətində tədbirlərin ildən-ilə uğurla davam etdirilməsindən razılıqlarını ifadə ediblər.