...

Nazir: Gələcəkdə də əlillər və şəhid ailələrinə hazır binalardan alınaraq təmir etdirilmiş mənzillər veriləcək (FOTO)

Cəmiyyət Materials 28 Avqust 2017 11:49 (UTC +04:00)
Səlim Müslümov Samux rayonunda bu rayonun, Daşkəsən, Göygöl, Kəlbəcər rayonlarının və Gəncə şəhərinin sakinlərini fərdi qaydada qəbul edib.
Nazir: Gələcəkdə də əlillər və şəhid ailələrinə hazır binalardan alınaraq təmir etdirilmiş mənzillər veriləcək (FOTO)

Bakı. Trend:

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Samux rayonunda bu rayonun, Daşkəsən, Göygöl, Kəlbəcər rayonlarının və Gəncə şəhərinin sakinlərini fərdi qaydada qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, müraciətlər imtiyazlı kateqoriyalardan olan şəxslərin dövlət büdcəsi hesabına mənzil və reabilitasiya xidmətləri ilə təmin edilməsi, ayrı-ayrı sosial təminat növlərinə hüququn müəyyən olunması, məşğulluğun təminatı, özünüməşğulluq proqramına və peşə hazırlığına cəlb olunma, sosial sığorta, əmək hüquqlarının müdafiəsi və s. məsələləri əhatə edib. Hər bir müraciətə diqqətlə yanaşılıb və qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb. Müraciətlərdə əksini tapan ayrı-ayrı məsələlərin araşdırılması və nəticəsi əsasında tədbirlər görülməsi tapşırılıb. Sorğu xarakteri daşıyan müraciətlərlə əlaqədar vətəndaşlara qanunvericiliyin müvafiq maddələri ilə bağlı izahatlar verilib.

S.Müslümov ölkəmizdə ardıcıl şəkildə həyata keçirilən regional inkişaf proqramlarının ölkənin bütün bölgələrində, o cümlədən Samux və ətraf rayonlarda mühüm sosial infrastruktur layihələrinin icrasına imkan verdiyini vurğulayıb: “Bu bölgədə aqrar sahənin inkişafına yönələn kompleks tədbirlər, həmçinin su təminatının yaxşılaşdırılması, xüsusən də bu günlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının 8,55 kilometrlik hissəsinin istifadəyə verilməsi bölgədə kənd təsərrüfatının inkişafına böyük təkan verir. Aqrar sahədə həyata keçirilən inkişaf prosesləri isə eyni zamanda əmək resurslarının məşğulluğunun artırılmasında, nəticədə sosial rifah halının yüksəldilməsində mühüm önəm kəsb edir”.

Azərbaycan Prezidentinin tapşırığına əsasən aktiv məşğulluq tədbirlərinin uğurla davam etdirildiyini bildirən S.Müslümov diqqətə çatdırıb ki, nazirliyin məşğulluq orqanlarının xətti ilə cari ilin 7 ayında Samux, Daşkəsən, Göygöl, Kəlbəcər rayonları və Gəncə şəhəri üzrə 2450 nəfər işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib. 62 nəfər peşə hazırlığına, 76 nəfər isə ödənişli ictimai işlərə cəlb olunub: “Cənab Prezidentin müvafiq sərəncamının icrası çərçivəsində bu beş rayon və şəhər üzrə 90 nəfərə yaxın şəxs özünüməşğulluq proqramına cəlb edilib. Onlardan 80 nəfərinə artıq biznes-planlarına uyğun olaraq mal və materiallar verilib və öz ailə təsərrüfatlarını qurublar, digərləri isə yaxın günlərdə mal və materiallar veriləcək. Gələn il isə işsizlikdən sığorta sisteminin tətbiqinin verdiyi imkanlar nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi, bu bölgədə də bundan dəfələrlə çox insanın belə ailə təsərrüfatlarını, onların və ailə üzvlərinin özünüməşğulluğunu təmin edəcəyik”.

Qəbul zamanı müraciətlərinə əsasən, bir sıra vətəndaşların iş yerləri ilə təmin olunmaları üçün yerindəcə tədbirlər görülüb. Onlara peşə və ixtisaslarına, əmək bacarıqlarına uyğun gələn, müvafiq ərazidə yerləşən müəssisələrdəki iş yerlərinə göndərişlər verilib. Ayrı-ayrı şəxslər isə istəkləri nəzərə alınmaqla, yeni peşələrə yiyələnmək üçün peşə hazırlığına cəlb olunmaları məqsədilə qeydiyyata alınıblar.

Nazir qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 20 iyun 2014-cü il tarixli Sərəncamına əsasən görülən işlərin davamı kimi, son iki ildə Samux, Daşkəsən, Göygöl rayonlarında və Gəncə şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 15-dək fərdi evin tikintisi işləri aparılıb: “Onlardan əksər qismi artıq istifadəyə verilib, qalanları da inşa işləri yaxın günlərdə yekunlaşdıqdan sonra təqdim olunacaq. Gəncə şəhərində hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 6 mənzil də bu təbəqələrdən olanların istifadəsinə verilib. Bu istiqamətdə işlər qarşıdakı dövrdə də davam etdiriləcək”.

Qəbul zamanı ayrı-ayrı vətəndaşlar nazirliyin aidiyyəti müəssisələrində bərpa müalicəsinə, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmələri, ehtiyaclarına uyğun olaraq müxtəlif protez-ortopedik məmulatlarla, reabilitasiya vasitələri ilə təmin olunmaları üçün qeydiyyata alınıblar.

S.Müslümov bildirib ki, Gəncə şəhəri və ətraf bölgələrdə yaşayan əlilliyi olan şəxslərin protez-ortopedik bərpa xidmətləri ilə təmin edilməsi üçün nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin Gəncə şəhərində filialı fəaliyyət göstərir: “Bu ilin 7 ayında həmin filial tərəfindən 759 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidməti göstərilib, onlara 2 154 ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 46 əlil arabası verilib”.

Vətəndaşlar respublika əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, ölkəmizin bölgələrində sosial infrastrukturun yaxşılaşdırılması, kənd rayonları əhalisinin məşğulluğunun artırılması sahələrində görülən mühüm tədbirlərə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan müraciətlərdə əksini tapan məsələlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti