Bakı. Elçin Mehdiyev - Trend:
"Azərbaycanda televiziya kanallarında alkoqollu içkilərin reklam saatlarına ciddi nəzarət olunur. Axşam saat 11-ə qədər birmənalı şəkildə heç bir televiziya kanalı alkoqollu içkilərin reklamını verə bilməz".
Bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
N.Məhərrəmli bildirib ki, bu sahədə hər hansı problem yoxdur.
Televiziyalarda reklamın müddəti məsələsinə gəlincə N.Məhərrəmli bildirib ki, bu sahədə əvvəlki dövrlərlə müqayisədə xeyli irəliləyiş var: "Əvvəllər bu problem daha çox idi, biz uzun müddət mübarizə apararaq problemi aradan qaldırmışıq. Bəzən bir saatda 20-25 dəqiqə reklam olurdu. İndi bu interval 12-15 dəqiqədir. Ancaq bu sahədə televiziya kanalları qanunu müəyyən qədər pozurlar və biz onlarla iş aparırıq".
MTRŞ sədri bildirib ki, televiziya kanallarında başqa sahələrdə ciddi qanun pozuntuları yoxdur: "Sadəcə verilişlərin keyfiyyəti çox aşağıdır. Amma qanunda ona görə televiziyalara cəza nəzərdə tutulmur".