...

Meksika televiziyasında Azərbaycana həsr olunan veriliş yayımlanıb (FOTO)

Cəmiyyət Materials 5 Fevral 2018 17:29 (UTC +04:00)
Meksikanın ən nüfuzlu televiziya kanallarından olan “Foro TV”-nin populyar “Foro Qlobal” (Qlobal Forum) verilişinin buraxılışı Azərbaycana həsr olunub.
Meksika televiziyasında Azərbaycana həsr olunan veriliş yayımlanıb (FOTO)

Bakı. Trend:

Meksikanın ən nüfuzlu televiziya kanallarından olan “Foro TV”-nin populyar “Foro Qlobal” (Qlobal Forum) verilişinin buraxılışı Azərbaycana həsr olunub.

Azərbaycanın bu ölkədəki səfirliyindən Trend-ə verilən məlumata görə, Meksikanın ən nüfuzlu televiziya kanallarından olan Foro TV-nin efirində beynəlxalq münasibətlərlə bağlı mövzuda olan və Meksikada milyonlarla hesablanan auditoriyaya malik olan “Foro Qlobal” (Qlobal Forum) verilişinin cümə günü buraxılışı Azərbaycana həsr olunub.

Veriliş zamanı tanınmış aparıcı Cenaro Lozano studiyaya dəvət olunmuş Azərbaycanın Meksikadakı səfirliyin müvəqqəti işlər vəkili Məmməd Talıbovdan müsahibə alıb.

Azərbaycanın yenidən müstəqilliyinin bərpa edilməsi və həmin dövr barədə aparıcının suallarını cavablandıran nümayəndəmiz Azərbaycan xalqının bir qədər bundan öncə “Qara Yanvar” hadisələrində qəddar və amansız Sovet diktaturasına qarşı müstəqillik uğrunda mübarizə apararkən həyatlarını qurban vermiş bacı və qardaşlarının xatirəsini andığını qeyd edib. Ölkəmizin müstəqilliyini bərpa etdikdən dərhal sonra bir çox çətinliklər və xarici təcavüzlə üzləşdiyini deyib. O, bu gün gördüyümüz və qürur duyduğumuz və gündən günə daha da qüdrətlənən ölkəmizin müasir Azərbaycanın banisi olan ümummilli lider Heydər Əliyevdən başlandığını bildirib.

Azərbaycanın dünyəvi dövlət olması barədə suala cavab verən diplomat Azərbaycan xalqının tarixən proqressivliyi ilə seçildiyini və dünya tarixində Müsəlman Şərqin ilk demokratik dünyəvi respublikasının məhz burada yarandığını, heç bir ayrı seçkilik olmadan bu dövlətin bütün vətəndaşlarının bərabər olduğunu deyib. Bu il Azərbaycan xalqının Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının yüz illiyini qeyd etdiyini bildirib. Bu dövlətin sadəcə 23 ay mövcud olmasına baxmayaraq, qeyd olunmuş bütün bu məqamlara görə onun dünya tarixində böyük iz qoyduğunu deyib.

Bu gün də Azərbaycan Respublikasının öz tolerantlığı ilə bütün dünyada tanındığını, bir çoxlarının, o cümlədən Roma Papası Fransisk tərəfindən ölkəmizin dini tolerantlıq üzrə bütün dünya üçün nümunə adlandırıldığını ifadə edib. Ölkəmizin müxtəlif mədəniyyət və dinlərin bir yerdə yüzillərdə heç bir ayrıseçkiliyə məruz qalmadan yaşamasını qeyd edən diplomat ölkə rəhbərliyinin bu sahəyə ayırdığı xüsusi diqqəti və ardıcıl siyasəti nəticəsində ölkəmizin multikulturalizm və mədəniyyətlərarası dialoqun dünya miqyaslı mərkəzlərindən birinə çevrildiyini deyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “Bakı Prosesi” Ümumdünya Mədəniyyətlərarası Forumun bu il onillik yubileyinin qeyd olunduğunu və bu təşəbbüsün Azərbaycanın dünya miqyasında mədəniyyətlərarası dialoqa töhfəsinin nümunələrindən biri olduğunu bildirib.

Eyni zamanda o, Bakıda Formula 1, İlk Avropa Oyunları, 4-cü İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı tədbirlərin böyük uğurla keçirildiyini və hazırda “EKSPO 2025” Dünya sərgisinə ev sahibliyinə Bakının namizədliyinin təqdim edildiyi barədə məlumat verib.

Bundan sonra M.Talıbov Meksika auditoriyasına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən məlumat verərək bu münaqişənin əsasında Ermənistanın ölkəmizə qarşı ərazi iddiası və hərbi təcavüzünün olduğunu deyib. 20% torpaqlarımızın, o cümlədən Dağlıq Qarabağ və digər yeddi regionun Ermənistan hərbi qüvvələrinin işğalı altında olduğunu, münaqişədən əvvəl Ermənistanda yaşayan iki yüz min azərbaycanlının və işğal olunmuş ərazilərdən səkkiz yüz min həmvətənlimizin öz doğma yurdlarından qovularaq etnik təmizləməyə məruz qaldığını deyib. Münaqişə ilə bağlı 1993-cü ildə qəbul olunmuş BMT TŞ dörd qətnaməsinin Ermənistanın işğalçı ordusunun Azərbaycan ərazilərindən çıxarılmasını tələb etməsinə baxmayaraq rəsmi Yerevanın təəssüf ki, indiyədək buna məhəl qoymadığını bildirib.

Verilişin aparıcısı C.Lozano üç Meksika deputatının 2017-ci ildə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinin Meksikada böyük qalmaqala səbəb olduğunu xatırladaraq məsələyə dair fikir bildirməyi xahiş edib. Diplomat bu hadisənin açıq aydın Ermənistan hökumətinin növbəti təxribatı olduğunu bildirərək rəsmi Yerevanın burada iki əsas məqsəd güddüyünü bildirib. Onların biri Azərbaycanın işğal olunmuş ərazilərində yaranmış qondarma marionet rejiminə guya Meksika tərəfindən dəstəyin verilməsi imicini yaratmağa çalışmaq və ikincisi Meksika ilə Azərbaycan arasında inkişaf edən əlaqələrə zərər vurmaq. Bildirilib ki, göründüyü kimi Ermənistan hökumətinin bu həmləsi də boşa çıxıb.

Təmsilçimiz Azərbaycan ilə Meksika arasında əlaqələrin inkişafından danışaraq iki ölkənin Bakı və Mexikoda səfirliklərinin fəaliyyət göstərdiyini, iki ölkə arasında siyasi məsləhətləşmələrin keçirildiyini, mədəniyyət, təhsil, parlamentlərarası əlaqələr və digər sahələrdə səmərəli əməkdaşlığı qeyd edib. İldən-ilə Meksika və Azərbaycana arasında səfər iki ölkə vətəndaşlarının sayının artdığını deyən diplomat Meksika gənclərini Azərbaycanda təhsil almaq imkanları barədə düşünməyə çağırıb. O, həmçinin Qoşulmama Hərəkatının üzv dövlətlərin vətəndaşlarına Azərbaycanın ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında Prezident Sərəncamı barədə məlumat verib.

Sonda C.Lozanonun verilişin çoxsaylı auditoriyasına oxumaq üçün bir kitabın məsləhət edilməsi barədə xahişinə cavab olaraq Azərbaycan diplomatı Qurban Səidin “Əli və Nino” novellasını oxumağı tövsiyə edib. Kitab barədə danışaraq o, oxucunun burada Əli və Ninonun həyatının dramatik əhvalatı ilə yanaşı həmin dövrdə Azərbaycan xalqının Müsəlman Şərqin ilk demokratiyasını yaradarkən üzləşdiyi çətinliklərlə, o zaman regionda cərəyan edən proseslərlə tanış ola biləcəyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti