Bakı. Samir Əli - Trend:
Şamaxı rayonunda sürüşmə sahəsində aktivlik müşahidə olunmaqdadır.
Bu barədə Trend-ə Şamaxı Rayon İcra Hakimiyyətinin memarlıq şöbəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, şəhərin 48a məhəlləsində sürüşmə davam etməkdədir: "Hadisə yerinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları baş çəkib, akt tərtib edilib. Hazırda ərazidəki 7 evdə yaşayan ailələr başqa əraziyə köçürülüb. Həmin evlərdən 1-i tam yararsız vəziyyətdədir, 6-sı isə yaşamaq üçün təhlükəlidir. Ərazidə hazırda 5 evdə yaşayış var. Həmin 5 ev qəzalı vəziyyətdə olmasa da, çatlar var. Onlar nəzarətdə saxlanılırlar. Əgər sürüşmə sahəsində ciddi aktivlik olsa, həmin ailələr də oradan köçürüləcək".
İcra Hakimiyyətindən bildiriblər ki, ərazidən köçürülən ailələrə sığınacaq verilməyib: "Onların əksəriyyəti gənc ailələrdir və valideynlərinin evlərinə köçüblər".
İcra Hakimiyyətindən qeyd ediblər ki, rayon ərazisində və kəndlərdə sürüşməyə meyilli ərazilərdə də vəziyyət hələlik stabildir: "Şəhərin sürüşməyə meyilli bəzi ərazilərində və Muğannı, Meysəri, 2-ci Cabanı, Mədrəsə kəndlərində hələlik aktiv sürüşmə yoxdur. Amma proses tam da sakitləşməyib. Həmin ərazilərdə sürüşmə nəticəsində uçan bəzi evlər Fövqəladə Hallar Nazirliyi tərəfindən yenidən tikilib, ailələrə təhvil verilib".
Xatırladaq ki, Şamaxı rayonunda aktiv sürüşmə sahəsində yerləşən 400-dən artıq evdə çatlar əmələ gəlib. 10-a yaxın ev isə qəzalı vəziyyətdə olduğundan orada yaşayan ailələr köçürülmüşdü.
Qeyd edək ki, Şamaxıda torpaq sürüşməsi nəticəsində indiyədək rayonun 7 kəndində - Çabanı, Mədrəsə, Meysəri, Birinci Çaylı, Muğanlı, Acıdərə və Qaleybuğurd yaşayış məntəqəsində 404 ev qəzalı vəziyyətə düşüb. Bu evlərdən 84-ü 2016-cı ildə baş verən torpaq sürüşməsi zamanı ziyan çəkib, divarlarda çatlar yaranıb, həyətlərdə torpaq sürüşməsi və çökmə baş verib, yarğanlar əmələ gəlib, 19 qəzalı evdə yaşayan ailə təhlükəsiz əraziyə köçürülüb. Təkcə Mədrəsə qəsəbəsində qəzalı evlərin sayı 20-dən çoxdur. Bu qəsəbədə sürüşmə ərazisi son iki ayda 2 dəfə genişlənərək 40 hektara çatıb. Ümumilikdə qəsəbədə 100-dən dən çox evdə çatlar əmələ gəlib. Üç ev yararsız hala düşdüyündən, sakinlər kompensasiya alaraq evlərini tərk ediblər.
Ötən həftə isə şəhərin 48a məhəlləsində 7 ev qəzalı vəziyyətə düşüb, həmin evlərdəki ailələr təhlükəsiz əraziyə köçüb.