...

Azərbaycanda məktəblərin təxminən yarısının 200-dən az şagirdi var

Cəmiyyət Materials 7 İyun 2018 12:50 (UTC +04:00)
Azərbaycandakı 4400-dən çox məktəbin təxminən yarısı şagird sayı 200 və daha az olan məktəblərdir.
Azərbaycanda məktəblərin təxminən yarısının 200-dən az şagirdi var

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycandakı 4400-dən çox məktəbin təxminən yarısı şagird sayı 200 və daha az olan məktəblərdir.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, Azərbaycanda son 5 ildə müəllim-şagird nisbəti, yəni bir müəllimə düşən şagirdlərin sayı 8,5-dən 10,5-ə yüksəlib: "25 % dəyişiklik onu göstərir ki, kifayət qədər səmərəlilik artıb. Bu dəyişikliyin bir səbəbi diaqnostik qiymətləndirmədir. Qiymətləndirmədən sonra müəllimlərin bəziləri öz ərizələri ilə işdən azad olunublar".

E.Əmrullayev əlavə edib ki, müəllim-şagird nisbətinə təsir edən obyektiv və subyektiv səbəblər var: "Obyektiv səbəblərdən biri odur ki, hazırda orta məktəblərdə 17 fənn tədris olunur. Buna görə də şagird sayı az olan məktəblərdə bu nisbət istər-istəməz aşağı olur. 20-30-40 şagirdi olan məktəblərdə 17 fənn tədris olunmalıdırsa, deməli bu nisbət də az olacaq".

Şobə müdiri qeyd edib ki, ölkədəki şagirdlərin sayının artması da bu nisbətə müsbət təsir göstərir: "Müəllim-şagird nisbət göstəricisinin birbaşa təhsilin keyfiyyətinə təsiri yoxdur. "Bir müəllim az uşağa dərs keçirsə, onda daha yüksək nəticə əldə olunur" düşüncəsi doğru deyil. Elə olsa, gərək kənd məktəbləri ən yüksək nəticə göstərsin. Çünki kənd məktəblərində müəllim-şagird nisbəti çox az olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti