...

DİQQƏT! Düzgün seçilməyən korset skoliozun daha da dərinləşməsinə gətirib çıxarır

Cəmiyyət Materials 4 Oktyabr 2018 12:58 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Uşaqlar üçün düzgün seçilməyən korsetin taxılması skoliozun (onurğa sütununun yana doğru əyilməsi) daha da dərinləşməsinə gətirib çıxarır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin neyrocərrahlıq kafedrasının əməkdaşı, Tədris Cərrahiyyə Klinikasının neyrocərrahı Cəmil İskəndərov deyib.

C.İskəndərovun sözlərinə görə, onurğa problemi ilə bağlı hər gün yalnız ona 30-40 nəfər müraciət edir. Onların da əksəriyyəti belə əməliyyatların insanı şikəst etməsi ehtimalı ilə maraqlanır:

“Bizdə demək olar ki, belə hallara rast gəlinmir. Biz yarana biləcək təhlükəni qabaqlamaq üçün mümkün olan bütün vasitələrdən istifadə edirik ki, bunun sayəsində xəstələrimizdə nevroloji ağırlaşmaya təsadüf olunmur”.

C.İskəndərov bildirir ki, skolioz əməliyyatlarının onurğanın formalaşması tam bitməmiş bir dövrdə - 14-17 yaş aralığında icra edilməsi daha yaxşı olardı. Belə halda əməliyyat sayəsində onurğa əyriliyinin bərpası maksimal dərəcədə mümkündür:

"Bəzən kiçik yaş qruplarında xəstələr davamlı korset müalicəsi aparsalar da, əyrilik artır. Onda uşağın bu yaşa çatmasını gözləmədən əməliyyat edirik. İdeopatik (səbəbsiz) skolioz hallarında çalışırıq ki, xəstəni 14 yaşına qədər korsetlə müalicə edək. Nəticə əldə etmədikdə isə bu yaşdan sonra cərrahi əməliyyat icra edirik. Skoliozu olan xəstələrə aptekdən özbaşına korset almamağı məsləhət görürük. Çünki skoliozun dərəcəsindən, bədən quruluşundan, xəstənin çəkisindən asılı olaraq müalicə üçün korsetlər xüsusi hazırlanır. Düzgün seçilməyən korsetin taxılması skoliozun daha da dərinləşməsinə gətirib çıxarır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti