Bakı. Trend:
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Bakı SOS Uşaq Kəndi”ni ziyarət ediblər.
İnstitutdan Trend-ə verilən məlumata görə, rektor Ceyhun Məmmədov çıxışı zamanı qeyd edib ki, Aİİ tələbələrin vətənpərvərlik ruhunun gücləndirilməsi və milli ruhda yetişməsi, milli təəssübkeşliyin, torpağa bağlılığın, dövlətə sevginin aşılanması məqsədilə silsilə tədbirlər həyata keçirir. O qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişafı, dini fəaliyyət sahəsində peşəkar kadrların hazırlanmasının təmini məqsədilə müasir təhsil standartları və müvafiq sahədə dünya təcrübəsi əsasında yaradılmış yeni ali təhsil müəssisəsidir.
C.Məmmədov bildirib ki, cəmiyyətin diqqət və mənəvi qayğıya ehtiyac duyan təbəqəsinə dəstək olmaq, onlardan qayğını əsirgəməmək hər bir ölkə vətəndaşının vəzifəsidir. Azərbaycanda kimsəsiz uşaqlara qayğının dövlət siyasəti olduğunu qeyd edən rektor vurğulayıb ki, ölkəmizdə uşaqların sağlam, firavan böyüməsinə, gələcəklərinin tam təmin olunmasına xüsusi diqqət ayrılır.
“Bakı SOS Uşaq Kəndi”nin koordinatorları yaradılan şərait və burada məskunlaşan valideyn himayəsindən məhrum uşaqlar haqqında məlumat veriblər.
Uşaq kəndinin balaca sakinləri, valideyn himayəsindən məhrum uşaqlar görüşü böyük sevinclə qarşılayaraq, şeirlər söyləyib, mahnılar səsləndiriblər. İnstitutun tələbələri uşaqlara nağıl kitabları, yazı ləvazimatı, oyuncaqlar təqdim ediblər. Sonda birgə xatirə şəkli çəkdirilib.
Məlumat üçün bildirək ki, Azərbaycan İlahiyyat İnstitutu tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə müxtəlif layihələr keçirir.