Bakı. Trend:
Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov və anestezioloq-reanimatoloqu Xəyal Məmmədov 25-27 sentyabr 2019-cu il tarixlərində Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunda işgüzar səfərdədirlər. Səfər çərçivəsində Mərkəzi Gömrük Hospitalının nümayəndələri Florence Nightingale Xəstəxanalar Qrupunun idarəetmə sistemi, strukturu ilə yaxından tanış olub, xəstəxananın anesteziologiya, intensiv terapiya, reanimasiya, əməliyyatxana və poliklinika şöbələrinə baxış keçiriblər. Mərkəzi Gömrük Hospitalının nümayəndə heyətinə Qrupun keyfiyyətə nəzarət şöbəsinin iş prinsipləri və mövcud olan standartlar haqqında ətraflı məlumat verilib.
27 sentyabr tarixində baş həkim Elman Məmmədov və Dr. Xəyal Məmmədov Florence Nightingale Xəstəxanalar Qrupunun icraçı direktoru Sinan Nazif Aran, Beynəlxalq şöbənin baş həkimi Dr.Ata Bozoklar, baş tibb bacısı Bahriyye Gavaz, Beynəlxalq şöbənin regional direktoru Fuad Ağazadə, Şişli Florence Nightingale Xəstəxanasının baş həkimi Dr.Okan Önçeker, İstanbul Florence Nightingale Xəstəxanasının Xəstə Xidmətləri şöbəsinin müdirləri Nihal Dereci, Yogum Bakım və Dr. Emine Öklü ilə görüş keçiriblər.
Görüşdə Mərkəzi Gömrük Hospitalı və Florence Nightingale Xəstəxanalar Qrupu arasında qarşılıqlı əməkdaşlığın əsas istiqamətləri, xəstəxananın idarəedilməsi sahəsində təcrübə mübadiləsi, birgə konfransların, gələcək ikitərəfli görüşlərin, birgə layihələrin və teletibb tədbirlərinin keçirilməsi məsələləri müzakirə olunub.
Xatırladaq ki, 3 may 2019-cu il tarixində Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi ilə Florence Nightingale Xəstəxanalar Qrupu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Bu memorandum tərəflər üçün tibb sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə və inkişafına xidmət edir.