...

Umayra Tağıyeva: Son onilliklərdə Azərbaycanda fevral ayı daha soyuq keçir

Cəmiyyət Materials 24 Yanvar 2020 09:24 (UTC +04:00)
Keçən əsrin çoxillik iqlim müşahidələrinə görə yanvar ilin ən soyuq ayı kimi qəbul edilib.
Umayra Tağıyeva: Son onilliklərdə Azərbaycanda fevral ayı daha soyuq keçir

Bakı. İlhamə İsabalayeva - Trend:

Keçən əsrin çoxillik iqlim müşahidələrinə görə, yanvar ilin ən soyuq ayı kimi qəbul edilib. Lakin son onilliklərin təhlili göstərir ki, Azərbaycanın əksər ərazilərdə fevral ayı daha soyuq keçir.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, ümumilikdə qış fəslində şaxtalı günlərin sayı azalıb. Yanvar ayına gəldikdə isə 1961-1990-cı illərdə şaxtalı günlərin orta çoxillik sayı 6 gün olduğu halda, 1991-2018-ci illərdə 4 gün olub.

U.Tağıyeva qeyd edib ki, bu ilin yanvar ayının 21 günü ərzində Bakıda şaxtalı hava qeyd edilməyib, orta sutkalıq temperatur isə normadan 1.8 dərəcə, yanvarın 7-də isə 4,3 dərəcə yüksək olub:

"Müqaisə üçün göstərmək olar ki, keçən il temperatur cəmi bir dəfə 0 dərəcədən aşağı enib və ayın 20-də 2 dərəcə şaxta qeydə alınıb. Yanvarın 24-də şimaldan gələn soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində paytaxt sakinləri ilkin proqnozumuza görə bu qış fəslinin ilk qarını müşahidə edə biləcəklər. Belə ki, yanvarın 24-də güclü şimal-qərb küləyi əsəcək. Bakıda və Abşeronda ayın 24-dən 25-i səhərədək havanın yağıntılı keçəcəyi gözlənilir. Arabir intensivləşəcəyi, 24-də axşam, 25-nə keçən gecə bəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var".

U.Tağıyeva bildirib ki, yanvarın 24-də havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək, 0-3 dərəcə isti olacaq. Yanvarın 25-dək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, qeyri-sabit keçəcəyi gözlənilir. Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Yanvarın 24-də şimal-qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s-yə çatacaq. Avtomobil yollarında dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti