Bakı. Trend:
37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərda deputatlığa namizəd Pərvin Kərimzadənin uğurla davam edən təbliğat-təşviqat kampaniyası çərçivəsində qadın seçicilərlə görüşü keçirilib.
Trend-in məlumatına əsasən, Gəncənin ictimai-siyasi həyatında fəallığı ilə seçilən qadın seçicilərin iştirak etdiyi görüşü Pərvin Kərimzadə açaraq, 9 fevral tarixində Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərinin əhəmiyyətindən danışıb. Yeni Azərbaycan Partiyasının namizədi ölkə Prezidenti İlham Əliyevin sosialyönümlü dövlət quruculuğunun təmin olunması istiqamətində apardığı məqsədyönlü siyasətin nəticəsində intellektual imkanları, yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə töhfələrini əsirgəməyən qadınların idarəetmə orqanlarında, seçki prosesində iştirakının durmadan artığını xüsusi ilə vurğulayıb. Həmçinin, deputatlığa namizəd Azərbaycan qadınların Ulu Öndər Heydər Əliyevin əsasını qoymuş olduğu dövlət qadın siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsindən danışıb. O, Birinci vitse prezident Mehriban xanım Əliyevanın ədalət, humanizm, xeyriyyəçilik kimi bəşəri prinsiplərə söykənən çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan, hətta dünya qadınları üçün örnək olduğu diqqətə çatdırılıb.
Ağbirçək ziyalılardan Kifayət Fəttahi Pərvin Kərimzadənin V çağırış Milli Məclisin deputatı kimi fəaliyyətinin çox uğurlu olduğunu, seçicilərin etimadını layiqli şəkildə doğrultduğunu qeyd edib.
Cümhuriyyətin varislərindən olan Elnura Cuvarlinskaya çıxış edərək, deputatlığa namizəd Pərvin Kərimzadənin Vətən tarixi, xüsusən də doğma Gəncə tarixi ilə bağlı elmi fəaliyyətini yüksək dəyərləndirdiiyini qeyd edib.
Günay Nəsibova çıxış edərək, Pərvin Kərimzadənin təhsil sahəsində qazandığı uğurlardan, saysız-hesabsız tələbələrinin, bir pedaqoq kimi ona olan sevgisindən, hörmətindən danışıb.
Ülviyyə Vəliyeva, Mətanət Əhmədova və digərləri çıxış edərək, fevralın 9-da keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə layiqli qadın namizədlərin sayının kifayət qədər çox olduğunu qeyd edib, 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən parlamentə səmimiliyi, təvazökarlığı ilə seçilən deputatlığa namizəd Pərvin Kərimzadənin ən layiqli namizəd olduğunu xüsusi ilə vurğulayıblar.