Bakı. İlhamə İsabalayeva - Trend:
Son 3 il üzrə olan müşahidələrə əsasən, Azərbaycanda qış turizmi ilə maraqlananların 60-70 faizi yerli, 30-40 faizi əcnəbi turistlər olur.
Bunu Trend-ə Azərbaycan Turizm Agentliklər Assosiasiyasının Ekspertlər Şurasının üzvü Kənan Hənifəyev deyib.
O bildirib ki, əcnəbilərin əksəriyyəti qış aylarında ölkəmizə qış turizmi növünə görə səfər edirlər. Bu qonaqların arasında qış idman növləri ilə məşğul olanların sayı çoxluq təşkil edir:
“Biz belə turistləri peşəkar turist kimi qiymətləndiririk. Çünki onlar səfərdən əvvəl qış turizminə aid olan bütün məntəqələr və kompleksin sürüşmə zolağı barədə ətraflı məlumat əldə edirlər”.
K.Hənifəyevin sözlərinə görə, qış turizminə marağı olan yerli turistlərimizi demək olar ki, iki qrupa ayırmaq olar. Birinci qrupa daha çox ölkəmizin regionlarında istirahət etmək istəyənlər, digər qrupa isə qonşu ölkələrə səfər edənlər daxildir: “Yeni il bayramı günlərində rayonlardakı hotellərdə yerlərin 90-95 faizi dolmuşdu. Yanvarda hər həftənin sonunda çoxlu sayda yerli və xarici turistlər qış turizm komplekslərinə təşrif buyururlar. Proqnozlar fevral ayı üçün qış turizm növü üzrə aktivliyin olacağını göstərir”.