...

Firdovsi Əliyev: Könüllülərlə birlikdə, ictimaiyyətin dəstəyi ilə keçən il əkdiyimizdən daha çox ağac əkməliyik

Cəmiyyət Materials 5 Fevral 2020 12:18 (UTC +04:00)
İnsanların sağlam ətraf mühitdə yaşamaq haqqı olduğu kimi, sağlam ətraf mühitin yaradılmasında da iştirak etməsi lazımdır
Firdovsi Əliyev: Könüllülərlə birlikdə, ictimaiyyətin dəstəyi ilə keçən il əkdiyimizdən daha çox ağac əkməliyik

Bakı. İlhamə İsabalayeva - Trend:

Prezident İlham Əliyev 2020-ci ili "Könüllülər ili" elan edib. Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi artıq müvafiq işlər görməyə başlayıb. Nazirliyin nəzdində qərargah yaradılıb, tədbirlər planı hazırlanaraq müvafiq qurumlara təqdim edilib. Biz nəzərdə tuturuq ki, könüllülərlə birlikdə, ictimaiyyətin dəstəyi ilə keçən il əkdiyimizdən daha çox ağac əkək.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Nazir müavini əlavə edib ki, peşəsindən, uşaq və böyük olmasından asılı olmayaraq, hər bir kəsə sağlam ətraf mühit lazımdır:

"İnsanların sağlam ətraf mühitdə yaşamaq haqqı olduğu kimi, sağlam ətraf mühitin yaradılmasında da iştirak etməsi lazımdır. Buna görə də hər bir kəs özündən başlamalıdır".

Firdovsi Əliyev onu da bildirib ki, bütün Azərbaycan vətəndaşları təbiətin könüllüləridir, yəni uşaqdan tutmuş yaşlı insanadək - hamı təbiətin könüllüləridir:

"Ona görə də hər kəs yaşıllaşdırma tədbirlərində yaxından iştirak etməli və təbiətə sevgisini sözdə yox, əməldə göstərməlidir. Təbiəti hər bir vətəndaş qorumalıdır".

Əhalini yaşıllaşma tədbirlərinin həyata keçirilməsində fəal olmağa çağıran F.Əliyev qeyd edib ki, vətəndaşlar özləri də yaşıllaşdırmaq istədikləri ərazilərin adlarını nazirliyə açıqlaya, yeni ərazilərin yaşıllaşdırılması təşəbbüsü ilə çıxış edə bilərlər.

"Biz çox maraqlıyıq ki, yaşıllaşdırma işlərinin aparılmasında cəmiyyətin özü Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəstək olsun. İnsanlar özləri məsələ qaldırsınlar ki, onlar hansı əraziləri yaşıllaşdırmaq istəyirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti