Bakı. Ceyhin Ələkbərov - Trend:
Apardığımız araşdırmalara görə, hazırda Azərbaycanda əhali arasında gün ərzində 200-250 min maskaya ehtiyac duyulur.
Trend-in məlumatına görə, bunu “Bakı Tekstil Fabriki” MMC-nin təsisçisi Səkinə Babayeva ötən gün Sumqayıtda açılışı olan tibbi maska istehsalı müəssisəsinə press-tur zamanı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, müəssisədə tələbata uyğun olaraq istehsalat mexanizmi qurulub: "Gələcəkdə ehtiyac olarsa, maska istehsalı üçün yeni xətlərin qurulmasına qərar verilə bilər".
S.Babayeva qeyd edib ki, müəssisə koronavirus pandemiyası bitdikdən sonra da fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilib və ona Sənaye Parkının rezidenti statusu verilib. Tibbi maska istehsalı üçün Türkiyədən gətirilmiş müasir avadanlıq qısa müddətdə quraşdırılıb. Müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb. Müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək. Maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilləşdiriləcək. Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq. Müəssisənin məhsulları ilkin olaraq, daxili bazarda tələbatı ödəməyə yönəldiləcək.