...

Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Şəbnəm Əlirzayeva şəkərli diabet xəstələrinə tövsiyələrini verib

Cəmiyyət Materials 14 Aprel 2020 15:35 (UTC +04:00)

Bakı. Trend:

Koronavirus (COVID-19) bütün dünyada qlobal problemə çevrilib. Dünyanın bütün ölkələrində bu virusa qarşı ciddi mübarizə aparılır. Dünya təcrübəsi göstərib ki, risk qrupuna daxil olan insanlar koronavirusdan daha ciddi qorunmalıdırlar. Çünki bu cür xəstələrdə koronavirus infeksiyasına yoluxma ehtimalı daha yükşək olur və onlarda bu xəstəliyin fəsadlaşması halları baş verə bilər.

Bəs risk qrupuna daxil olan diabetli şəkər xəstələri koronavirusdan qorunmaq üçün hansı qaydalara riayət etməlidirlər?

Bununla bağlı Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Şəbnəm Əlirzayeva Trend-in sualını ətraflı cavablandırıb.

- Şəkərli diabetli xəstələrində qanda şəkərin yüksək olması immun sistemini aşağı salır və immun sistemi aşağı düşdükdə infeksion xəstəliklərə yoluxma riski artır.

Dünya təcrübəsinə əsaslanaraq deyə bilərik ki, koronavirus infeksiyasına yoluxan şəkərli diabet xəstələrində metabolik ağırlaşmalara, diabetik ketoasidoz, pnevmoniya, tənəffüs çatışmazlığı, sepsis və septik şok müşahidə oluna bilər. Eyni zamanda, hər şəkərli diabet xəstəsi infeksiyaya yoluxmaqda eyni riski daşımır. Aşağıda qeyd etdiyim xəstələrdə yoluxma riski daha yüksəkdir:

1. Yaşı 35-dən yuxarı 10 il müddətində diabetlə xəstə olan tip1 şəkərli diabet xəstələri;

2. Yaşı 50-dən yuxarı 10 il müddətində diabetlə xəstə olan tip 2 şəkərli diabet xəstələri;

3. Qanda şəkəri 250 mq/dl-in üstündə və qlikohemoqlobin 10%-in üstündə olan xəstələr;

4. Bədən kütlə indeksi 35 kq/m 2-dən yuxarı olan, morbid piylənməsi olan diabetli xəstələr, yanaşı olaraq ürək-ağciyər xəstəlikləri, onkoloji xəstəliyi olan xəstələr.

Şəkərli diabet xəstələri koronavirusdan özlərini qorumaq üçün aşağıda qeyd etdiyim qaydalara ciddi riayət etməlidirlər:

1. Qanda şəkər normal olmalı, tez-tez ölçülməli və nəzarətdə saxlanmalı;

2. Gigiyenik və karantin qaydalarına ciddi əməl edilməlidir. Əllərin gündə bir neçə dəfə maye sabun ilə ən azı 20 saniyə ərzində yuyulması, ailə üzvləri evə gələrkən onlardan 2 m. aralıda gəzməli, maska taxmalı, karantin müddətində evdən çıxmamalı, mümkün olarsa ayrıca otaqda qalmağı məsləhət görürəm.

3. Qidalanmaya fikir verilməlidir. Pəhriz şəkərli diabet xəstələrinin müalicəsində önəmli rol oynayır.

4. Hərəkət çox önəmlidir. Karantin müddətində evdə qalsalar da, dəhlizdə yarım saat ərzində irəli-geri gedərək sutka ərzində 1000-5000 addım ata bilərlər;

5. Gün ərzində 1.5- 2 lt maye qəbul edilməlidir;

6. Əgər qanda şəkər 250-300 mq/dl-in üzərindədirsə müalicə həkimi ilə əlaqə saxlayıb məsləhət almalıdırlar;

7. Şəkərli diabet xəstəsi evdə ehtiyat üçün şəkərsalıcı həblər, insulinlər, qanda şəkəri ölçmək üçün striplər saxlamalıdırlar.

Sonda statistikanı nəzərinizə çatdırmaq istəyirəm. Hazırki dövrdə Azərbaycanda 1148 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, vəfat edən 12 nəfərdən 6 nəfərində şəkərli diabet xəstəliyi olub. Çin Xalq Respublikasında isə koronavirusa yoluxmuş insanların 22%-ni diabetli şəkər xəstələri təşkil etmiş və bu xəstələrin 10%-i vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti