Bakı. Trend:
Kanadada yaşayan azərbaycanlılar, diaspor təşkilatları və diaspor fəalları bu ölkənin Ontario əyalətinin Toronto şəhərində Azərbaycan ordusuna dəstək aksiyası keçiriblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, aksiya iştirakçıları Ermənistan Silahlı Qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribata etirazlarını bidiriblər. Soydaşlarımız Ermənistanın təcavüzkar siyasətinin qarşısının alınması, işğal olunmuş torpaqlarımızın azad olunmasını tələb ediblər.
Kanada azərbaycanlıları müxtəlif dillərdə şüarlar səsləndirib, ölkə ictimaiyyətinin diqqətini münaqişənin acı nəticələri barədə məlumatlandırmağa çalışıblar. Qeyd olunub ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü pozulub, hərbçilər şəhid olub, günahsız insanlar, uşaqlar, mülki əhali qətlə yetirilib.
Aksiya iştirakçıları bir daha diqqətə çatdırıblar ki, Kanada hökuməti dəfələrlə Azərbaycanın ərazi bütovlüyünü birmənalı şəkildə dəstəklədiyini və işğalı qınadığını bəyan edib.
Aksiyaya Kanadada yaşayan İsrail və Türkiyədən olan qardaşlarımız, Azərbaycanı sevən insanlar da qatılıblar.