Bakı. Trend:
Mərkəzi Gömrük Hospitalı iyunun 11-dən etibarən pandemiya xəstəxanası kimi fəaliyyət göstərir. Hospitalın ixtisasından asılı olmayaraq bütün həkimləri var gücləri ilə çalışaraq ən ağır koronaviruslu xəstələri qəbul edir, onların sağalması üçün gecə-gündüz yorulmadan çalışırlar.
Mərkəzi Gömrük Hospitalında COVİD-19 xəstələrinin müalicəsində iştirak edən ümumi cərrah Namiq Novruzov virusla bağlı “Trend” agentliyinin suallarını cavablandırıb. Müsahibəni Sizə təqdim edirik.
Sual 1: COVİD-19 virusu nə üçün təhlükəlidir?
İstənilən infeksion xəstəliyin törədicisi onun virulentliyi, patogenliyi və kontagiozluğu - yəni yoluxdurma gücü ilə xarakterizə edilir. Virulentlik dedikdə –virusun insan orqanizmini yoluxdurması qabiliyyəti başa düşülür. Elmdə virulentlik gücü yoluxdurucu doza və öldürücü doza kimi göstəricilərlə ifadə edilir. Virulentlik riyazi olaraq insanı yoluxdurmaq üçün tələb olunan minimal virus hissəciklərinin sayı ilə ifadə edilir. Virusu orqanizmdən kənar laborator şəraitdə saxladıqda onun virulentliyi azalır. Deməli virusun yaşaması üçün onun insan orqanizminə ehtiyacı var. Qey edim ki, COVİD-19 virusunun virulentlik göstəricisi dəqiq bəlli deyil. Ümumidünya Səhiyyə Təşkilatının açıqlamasına görə bizim bu gün qarşılaşdığımız SARS Cov-2 virusu virulentlik baxımından 2002-2003-cü illərdə atipik pnevmoniya törədicisi olan SARS və 2015-ci ildə rast gəlinən MERS viruslarından daha güclüdür. Təbii ki, yalnız virulentliyi yüksək olan infeksion xəstəliklər cəmiyyət və bütövlükdə bəşəriyyət üçün təhlükə daşıyırlar.
Sual 2: Patogenlik nədir?
Virusun digər göstəricidi onun patogenliyidir. Bu infeksion törədicinin orqan və toxumalarda yaratdığı qeyri-normal, patoloji vəziyyətdir ki, bu da xəstəliyin simptomlarının yaranmasına səbəb olur. Patogenlik göstəricisinə görə Vəba və Ebola çempion sayılır. İlk etaplarda tənəffüs yolları və ağciyərlər zədələnsə də hazırda aparılan araşdırmalar virusun baş- beyin, böyrəklər, qaraciyər, mədəaltı və vəz kimi üzvləri də zədələdiyi sübuta yetirilmişdir.
Sual 3: Virusun yoluxdurma gücünü necə başa düşmək olar və ya xəstə şəxs neçə sağlam adamı yoluxdura bilər?
Bu göstərici kontagiozluq indeksi (R0 ) anlayışı ilə izah edilir. Yəni;
R0 - 1-dən azdırsa deməli, infeksiyalı xəstə 1-dən az sağlam şəxsi yoluxdura bilir. Bu durumda virus təbii yolla zaman içərisində məhv olur.
R0 - 1-ə bərabərdirsə infeksiyalı xəstə onu yalnız 1 sağlam şəxsə ötürə bilir. Bu halda virus toplumda stabil sağ qalır, lakin epidemiya törətmə şansı yoxdur.
R0 - 1 dən yüksəkdirsə, o zaman xəstə birdən çox sağlam şəxsi yoluxdura bilir, epidemiya və pandemiya təhlükəsi yaranır.
Məsələn, 1918-ci ildə 50 milyon insanın ölümünə səbəb olan H1N1 İspan qripi virusun kontagiozluq indeksi 1,4-2,8 arasında olmuşdur. Eyni virus 2009 ildə təkrar baş qaldırdıqda onun kontagiozluq indeksi 1,4-1,6 aralıqda qeyd edilmişdir. Lakin bu virusa qarşı vaksinin və antiviral preparatların olması sayəsində epidemiyanın inkişafının qarşısı alınmışdır. Müqayisə üçün qeyd edim ki, qızılca xəstəliyi bu baxımdan R0 - 18 göstərici ilə birincidir. QİÇS üçün bu göstərici 4-ə, Hepatit C və Ebola virusları üçün isə 2-yə bərabərdir.
Bu gün üz-üzə qaldığımız COVİD-19 virusunun kontagiozluq indeksi başlanğıcda 2.2-2.7 aralıqda seyr edilsə də, “Emerging Infectious Diseases” jurnalının son araşdırmalara görə bu göstərici 5,7 qədər yüksəlmişdir. Bu o deməkdir ki, COVİD-19 virusuna yoluxmuş xəstə virusu 5-6 sağlam adama ötürə bilir. Məhz buna görə dövlətimiz tərəfindən tətbiq edilən profilaktik önləyici tədbirlər, tibbi maarifləndirmə və hal-hazırda tətbiq edilən karantin şərtləri cox əhəmiyyətlidir. Bu göstəricinin diqtə etdiyi digər şərt isə COVİD-19 virusunu dayandırmaq üçün populyasiyanın 80%-dən çoxunun immunizasiya edilməsinə yaranan təlabatdır.
Sual 5: Xəstəliyin gizli dövrü nə qədərdir?
Xəstəliyin gizli dövrü onun inkubasiya müddəti adlanır. ABŞ-ın Johns Hopkins Universitetinin araşdırmalarının nəticələrinə görə COVİD-19 virusuna yoluxma anından xəstəliyin ilkin simptomlarının meydana çıxmasına qədər ortalama 5 gün vaxt tələb olunur və pasiyentlərin 97%-də simptomlar 11-12-ci günlərdə izlənilir. Məhz bu göstəriciyə görə şübhəli bilinən şəxslər epidemioloji baxımdan 14 günlük karantində saxlanılır.
Sual 6: Simptomlara görə xəstəliyin neçənci gündə olmasını söyləmək olarmı?
Xəstəlik adətən hərarətin yüksəlməsi, yorğunluq, halsızlıq, baş ağrıları, başgicəllənmə, quru öskürmə ilə başlayır. Bəzi xəstələrdə ürəkbulanma və qusma müşahidə edilir.Təngənəfəslik adətən 5-ci gündən izlənilir. Pasiyentlər orta hesabla xəstəliyin 7-ci günü hospitalizasiya edilirlər. Kəskin Tənəffüs yetməzliyi kimi təhlükəli ağırlaşma isə çox zaman 8-ci gün müşahidə edilir.
Sual 7: Xəstəlik dövrü necə gün davam edir?
Sağalma müddəti xəstəliyin yüngül və ya ağır formada getməsindən asılı olur. ÜST-ın məlumatlarına əsasən yüngül gedişatlı xəstələrdə ilkin əlamətlərinin yaranmasından klinik sağalmaya qədər 2 həftə vaxt tələb olunur. Xəstəliyin ağır gedişatında sağalma 3-6 həftəyə qədər uzana bilər. Letal sonluqlar isə 2-8 həftə aralıqlarda müşahidə edillib. Çində aparılan bir araşdırmada sağalan və PCR testi neqativ olan 22 pasiyentin ağız suyunda 39 gün sonra COVİD-19 virusunu təyin etmişlər. Bu səbəbdən pasiyentlər sağalıb evə buraxıldıqdan sonra bir neçə həftə ev şəraitində karantində olmalıdırlar.
Sual 9: Xəstəliyin diaqnostikasında hansı testi vermək daha doğrudur?
Diaqnostik testlər aktiv infeksiyanı aşkar etmək üçün icra olunur. COVİD-19 xəstəliyinin diaqnostikasında 2 test yayğın istifadə edilməkdədir: burun udlaqdan alınan yaxma nümunələrində polimeraz zəncirvari reaksiya (PZR) testi və qan nümunələrində COVİD-19 qarşı İgM və İg G anticisimlərin təyini üçün testi. PZR testi virusun genetik materialının təyin edilməsinə yönəlmişdir. COVİD-19 qarşı İgM və İg G anticisimlərin təyini üçün testi isə virusun səthinə olan spesifik proteinlərin təyini üçün nəzərdə tutulub. Bəs hansı test daha həssasdır?
Beynəlxalq ekspertlərin rəyinə əsasən xəstəliyin 8-ci günü PZR testi həssaslığı maksimal 66-80% səviyyədə olur və bu testin yalnış pozitiv olma ehtimalı minimaldır. Xəstəliyin aktiv alovlanma dövründə məhz PZR testi götürülməsi tövsiyyə olunur.
Son beynəlxalq araşdırmalara görə xəstəliyin ilkin əlamətləri üzə çıxdıqdan 7 gün sonra COVİD-19 virusuna qarşı İgM və İg G anticisimlərin təyini üçün testi yalnız 30% hallarda pozitiv olur. Xəstəliyin başlanğıcından 2 həftə sonra isə bu testin həssaslığı 70%, 20-21-ci günlər isə 90%-ə qədər yüksəlir. Bu testin yalnlış pozitiv olma ehtimalı 2% təşkil edir. Göründüyü kimi, COVİD-19 qarşı İgM və İg G anticisimlərin təyini üçün testi xəstəliyin aktiv gövründə diaqnostik əhəmiyəti çox aşagıdır və bu məqsədlə aparılması məsləhət deyil.
Xəstəliyin diaqnostikası həkim mütəxəssis tərəfindən dəqiqləşdirilir. Bu zaman kliniki gedişat, digər laborator və radioloji müayinə nəticələri, misal üçün Kompüter Tomoqrafiyası həlledici ola bilər.
Sual 10: Xəstəliyə təkrar yoluxma ehtimalı varmı?
COVİD-19 virusuna yoluxmadan sonra xəstələrin orqanizmində həmin virusa qarşı anticisimlər yaranır. Daha doğrusu immun sistemi virusla mübarizə aparmaq üçün bu aktiv zülalı yaradır. Erkən dövrdə xəstəliyin ilk 7-ci günündə immunoqlobulin M adlandırılan zülallar yaranır. Qanda İgM təyin edilməsi xəstəliyin aktiv dövrünün diaqnostikası üçün istifadə edilir. İmmunnoqlobulin G (İgG) isə xəstəliyin 7-10-cu günlərində təyin edilir. Lakin qanda İgG zülalının hansı miqdarda olması orqanizmi təkrar yoluxmadan qoruduğu bəlli deyil. Orqanizmin hüceyrə immuniteti adlandırdığımız T-hüceyrələrin də yeri virusdan qorumada araşdırılmamışdır. Yəni xəstəlik yeni olduğu üçün onun immunologiyası öyrənilməmişdir, eyni zamanda epizodik təkrar yoluxma halları qeyd edildiyi üçün bu sualın cavabı bəli olacaq.