Bakı. İlhamə İsabalayeva - Trend:
Qəbul qaydalarına görə, ixtisaslar üzrə birgə müsabiqə yoxdursa, plan yerləri yalnız Azərbaycan və rus bölməsi üzrə ayrılıbsa, müvafiq bölməni bitirən və həmin dildə imtahan verən abituriyentlər ixtisas seçimində yalnız həmin bölmə üzrə olan ixtisasları seçə bilərlər.
Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Yoxlama, ölçmə materialları şöbəsinin müdiri Natiq Əliyev deyib. Onun sözlərinə görə, rus bölməsinin abituriyentləri əlavə imtahan (Azərbaycan dili) verməklə Azərbaycan bölməsi üzrə olan ixtisasları seçə bilərlər:
“Yaxud, Azərbaycan bölməsinin abituriyentləri fərq imtahanı (rus dili) verməklə rus bölməsi üzrə olan yerləri seçə bilərlər. Amma bunun üçün əvvəlcədən qeydiyyatdan keçmək lazım idi. Abituriyentlər buraxılış imtahanı dövründə həmin fərq imtahanını verməli idilər”.